Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktı 90 xarici ölkə vətəndaşına şamil edilib.
Herbiand.az xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Eliyev deyib.
Bildirilib ki, Amnistiya aktı indiyədək 18 355 şəxsə şamil edilib.
Binəqədi rayon prokurorluğunun yeni inzibati binasında gənclər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən növbəti “Açıq qapı günü” tədbirində giriş sözü ilə açan Binəqədi rayon prokuroru Fuad Məmmədov bildirib ki, yeni inzibati binada yaradılmış müasir və funksional iş şəraiti əməkdaşların fəaliyyətinin səmərəliliyinə müsbət təsir göstərir. O, vətəndaş müraciətlərinə həssas və operativ yanaşmanın əsas prioritetlərdən biri olduğunu vurğulayaraq qeyd edib ki, müasir maddi-texniki baza və rəqəmsal həllər rayon prokurorluğunun fəaliyyətində çevikliyin və keyfiyyət göstəricilərinin artırılmasına xidmət edir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli prokurorluq orqanlarında kadr potensialının gücləndirilməsi, davamlı təlim proqramlarının təşkili və əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O bildirib ki, müasir infrastruktur və tədris imkanları hüquqi dövlət quruculuğu prosesində prokurorluğun rolunun daha da möhkəmləndirilməsinə şərait yaradır.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında prokurorluq orqanlarında aşkarlıq və ictimaiyyətlə əlaqələrin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, media və vətəndaş cəmiyyəti institutları ilə açıq və konstruktiv əməkdaşlıq hüquqi maarifləndirmənin genişlənməsinə, vətəndaş məmnunluğunun artırılmasına və cəmiyyətlə qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir.
Tədbir çərçivəsində iştirakçılara bildirilib ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində istifadəyə verilmiş yeni inzibati bina müasir standartlara cavab verən infrastrukturla təmin olunub. Binada əməkdaşların səmərəli fəaliyyəti üçün zəruri texniki avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi bölmə, konfrans və iclas zalları yaradılıb. Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından ən son tələblərə uyğun layihələndirilib.
Tədbir zamanı peşəkar prokurorluq əməkdaşları qurumun fəaliyyəti, istintaq və prosessual nəzarət sahəsində həyata keçirilən işlər, habelə vətəndaş müraciətlərinə baxılması mexanizmləri barədə dinləyicilərə ətraflı məlumat veriblər. İştirakçılar inzibati binada yaradılmış müasir iş şəraiti, vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş xüsusi bölmə, konfrans zalı və xidməti otaqlarla tanış olub, eləcə də istifadə olunan kriminalistik texnika və avadanlıqlara əyani baxış keçiriblər. Onlara “Elektron Prokurorluq” informasiya sisteminin funksional imkanları praktik formada nümayiş etdirilib, rəqəmsal sənəd dövriyyəsi və müraciətlərin onlayn izlənilməsi mexanizmi izah olunub.
Görüş çərçivəsində iştirakçılarla açıq müzakirə aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb, təklif və rəyləri dinlənilib. Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib və sonda xatirə fotoşəkli çəkdirilib.