Ötən ilin martında həbs olunan Dövlət Turizm Agentliyinin əməkdaşı Nicat Hüseynovun məhkəmə prosesi başa çatıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilən sabiq məmurun azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.
O, Dövlət Turizm Agentliyinin, Turizm siyasəti və strategiyası şöbəsinin, Təhsil və təlim sektorunun baş məsləhətçisi vəzifəsində işləyərkən dövlət qurumları arasında qapalı elektron sənəd dövriyyəsində olan sənədin yayılmasında ittiham olunub. Dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən Nicat Hüseynov keçən ilin martın 4-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmışdı.
Nicat Hüseynovun həbsdə qaldığı müddət hesablandıqdan sonra onun üzərində 4 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.