EN

Kimya İnstitutunun gənc alimləri beynəlxalq tədqiqat qrupuna cəlb ediləcək

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

İnstitutun fəaliyyət istiqamətləri xaricdəki tanınmış alimlərlə müzakirə olunub

Bakı, 24 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda dünyanın aparıcı elmi mərkəzlərində çalışan bir qrup azərbaycanlı alimlə onlayn videokonfrans keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

İnstitutun direktor səlahiyyətlərini icra edən professor Əfsun Sucayev bildirib ki, akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu əsasında Kimya İnstitutu təsis edilib. Bir-birini təkrarlayan, oxşar istiqamətdə fəaliyyət göstərən laboratoriyalar birləşdirilib və ya ləğv edilib, dünyanın elmi çağırışlarına və Azərbaycanın yeni reallıqlarına cavab verən laboratoriyalar yaradılıb.

Ə.Sucayev bundan sonra dünya elminə inteqrasiya, ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi, ölkə iqtisadiyyatına töhfə verən dövlət-özəl sahələrlə innovativ əməkdaşlığa böyük önəm veriləcəyini vurğulayıb.

Onun sözlərinə görə, bir görüşün keçirilməsinin əsas məqsədi fundamental elm sahəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirmək, görkəmli kimyaçı alimlərimizin konkret təkliflərini dinləmək və onların həyata keçirilməsi istiqamətində əməli fəaliyyətə başlamaqdır.

Görüşdə Portuqaliyanın Lissabon Universitetində çalışan professor Kamran Mahmudov diqqətə çatdırıb ki, Azərbaycanda kimya elminin daha da inkişaf etməsi üçün hərtərəfli əməkdaşlığa hazırdır və indiyə qədər fəaliyyətində müştərək əməkdaşlığa önəm verərək, dövlətimizə hər zaman fayda verməyə çalışır. O, Kimya İnstitutunun onun məşğul olduğu prioritet istiqamətlərə uyğun laboratoriyalara elmi dəstək verəcəyini, bunun üçün istedadlı gənc alimləri öz beynəlxalq tədqiqat qrupuna cəlb edəcəyinin mümkünlüyünü qeyd edib.

K. Mahmudov mütəmadi olaraq beynəlxalq konfransların, o cümlədən mərhələli şəkildə kimya elminin multidisiplinar sərhədlərində fəaliyyət göstərən xaricdəki alimlərimizin qabaqcıl təcrübələrinin yerli həmkarları ilə paylaşması baxımından onların Kimya İnstitutunda elmi seminarlarının təşkilini vacib hesab edib.

ABŞ-nin Ostin Texas Universitetinin professoru Yusif Abdullayev Kimya İnstitutunda tədqiqat mühitinin yaxşılaşdırılmasının zəruri olduğunu, tədqiqatçıların müasir fiziki-kimyəvi cihazlarla, laboratoriya avadanlığı, habelə reaktivlərlə təchiz edilməsinin önəmini vurğulayıb. O, bahalı cihazların isə vahid analitik mərkəzini yaratmaqla, onların kollektiv şəkildə istifadəsini, xaricdən gətirilən tədqiqat məqsədli kimyəvi avadanlığın, reagentlərin əlavə dəyər vergisi və gömrük rəsmiləşdirilməsi xərclərindən azad olunmasını, hər il mütəmadi olaraq gənc tədqiqatçıların xarici elmi mərkəzlərə təcrübə keçməyə göndərilməsi ilə bağlı aktual olan bəzi təkliflərini səsləndirib.

ABŞ-nin Berkli Kaliforniya Universitetinin tanınmış tədqiqatçısı Kənan Şıxəliyev Kimya İnstitutunun alimləri ilə müştərək tədqiqat aparılacaq mövzuların seçilməsinə xüsusi diqqət verilməsi, birgə elmi rəhbərlik əsasında gənc tədqiqatçıların hazırlanması, beynəlxalq layihələrdə iştirak və alimlərin real iqtisadiyyata xidmət edən innovativ tədqiqatlara cəlb olunmasını əhatə edən təklifləri diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
azertag.az

1Sources