EN

Maarifçiliyin nurlu siması

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gördükcə dərdini əriyir cismi-natəvan,Neytək sızıldayır dili-pürqəm, vətən, vətən!

Bu misraların müəllifi Azərbaycan maarifçilik tarixinin görkəmli nümayəndəsi Abdulla Şaiq (Talıbzadə) cəmiyyətin gələcəyini savadlı, düşünən və milli kimliyini anlayan nəsildə görən ziyalılardan olub.

1881-ci il fevralın 24-də anadan olan şair ilk təhsilini Tiflisdə, müsəlman uşaqları üçün fəaliyyət göstərən altısinifli ruhani məktəbində alıb. XIX əsrin ortalarından etibarən Qafqazda, o cümlədən Azərbaycanda maarifçilik ideyalarının güclənməsi gənc Abdullanın dünyagörüşünə də təsir edib. 1889–1893-cü illərdə Tiflisdə təhsil alan Abdulla Şaiq daha sonra ailəsiylə birgə Xorasana köçüb və təxminən yeddi il burada yaşayıb. Tarix, psixologiya kimi elmlərlə yanaşı, Şərq ədəbiyyatını, Azərbaycan və rus ədəbiyyatını dərindən öyrənib.

Təhsilini başa vurduqdan sonra Bakıya gələrək Tiflisdən tanıdığı Nəriman Nərimanovla görüşməsi onun həyatında əhəmiyyətli rol oynayıb. Abdulla Şaiq ona müəllim olmaq arzusu ilə Bakıya gəldiyini deyib, Nəriman Nərimanov isə bildirib ki, bunun üçün rəsmi imtahan vermək lazımdır. Nəriman Nərimanovun ona verdiyi “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” adlı kitabın köməyilə Azərbaycan dilinin qrammatikasını, ədəbiyyatı, eyni zamanda, tədris metodikasını öyrənib. Şaiq şəriət dərslərinin yerinə ana dilini, dünyəvi elmləri tədris etməyə üstünlük verib. Abdulla Şaiq publisist, pedaqoq, yazıçı kimi maarifçilik ideyalarını cəmiyyətə sadə, anlaşılan və təsirli dillə çatdırıb.

Ömrünün 34 ilini Azərbaycan maarifinin inkişafına həsr edən şairin 1906-cı ildə Bakıda keçirilən I Müəllimlər Qurultayının təşkilində böyük zəhməti olub. Burada Abdulla Şaiq ana dilinin və ədəbiyyatın tədrisi ilə bağlı təşəbbüslərlə çıxış edərək təhsilin milli əsaslar üzərində qurulmasının vacibliyini önə çəkib. Qurultayın qərarı ilə Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Mahmudbəy Mahmudbəyov, Süleyman Sani Axundov və Abdulla Şaiq kimi ziyalılardan ibarət xüsusi komissiya seçilib və Azərbaycan dilində dərs proqramlarının hazırlanması məhz onlara tapşırılıb.

Onun hazırladığı “Əlifba”, “Uşaq çeşməyi”, “İkinci il”, “Gülzar” kimi dərsliklərdə Abdulla Şaiqin öz əsərləri ilə yanaşı, dünya ədəbiyyatından seçilmiş nümunələr də yer alıb. Sonrakı dövrlərdə “Milli qiraət”, “Müntəxabat”, “Türk çələngi”, “Ədəbiyyat”, “Türk ədəbiyyatı”, “Gülşəni-ədəbiyyat” kimi dərslik və proqramlarda o, qadınlar üçün jurnal nəşr etmək, uşaq bağçası açmaq, kitabxana yaratmaq, imkansız uşaqları pulsuz oxutmaq kimi dövrü üçün son dərəcə qabaqcıl təşəbbüslər irəli sürüb.

Abdulla Şaiq “Laylay” adlı şeiri ilə uşaq poeziyasının əsasını qoyub. Bir çox şeirləri “Dəbistan”, “Məktəb” kimi uşaq və gənclər üçün nəzərdə tutulan nəşrlərdə çap edilib. Həmin illərdə “Nicat” cəmiyyətinin idarə heyətinə üzv seçilən Abdulla Şaiq maarif, məktəb və ədəbi problemlərlə məşğul olub.

Xalq ədəbiyyatına xüsusi maraq göstərən şair topladığı folklor nümunələri əsasında “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağıllar yazıb. “Ədhəm”, “Tapdıq dədə”, “Qoçpolad” poemalarından əlavə, 1910-cu ildə qələmə aldığı “Gözəl bahar” pyesi ilə o, milli uşaq teatrının təməlini qoyub. 1919-cu ildə Bakı Dövlət Universitetinin açılması münasibətilə yazdığı “Tələbə həyatı” pyesi, eləcə də müharibə və işğal mövzularına həsr etdiyi “İki mücahid” şeiri dövrün ağrılarını əks etdirir. 1923-cü ildə Abdulla Şaiqin ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyi təntənə ilə qeyd olunub, çalışdığı gimnaziya “Şaiq nümunə məktəbi” adlandırılıb. 2001-ci ildə Abdulla Şaiqin 120 illik yubileyinin qeyd edilməsi haqqında ulu öndər Heydər Əliyev Sərəncam imzalayıb.

Abdulla Şaiqin “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi pyesləri Azərbaycan Gənc Tamaşaçılar Teatrının repertuarını formalaşdırıb. O, ömrünün sonunadək uşaqlar üçün yazmaqdan, maarif işinə xidmət etməkdən usanmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
1
xalqqazeti.az

2Sources