
İcbari tibbi sığorta (İTS) çərçivəsində müştərək maliyyələşmə məbləğinin tətbiqi müddəti uzadılıb. Bu barədə qərar Milli Məclisin bugünkü iclasında “Tibbi sığorta haqqında” Qanununa təklif olunan dəyişikliklərin müzakirəsi zamanı qəbul edilib.
Təklif olunan dəyişikliyə əsasən, müştərək maliyyələşmə məbləği 2027-ci il yanvarın 1-dən etibarən ödəniləcək. Xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə, bu ödənişin tətbiqinə 2026-cı il yanvarın 1-dən başlanılmalı idi.
Qeyd edək ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir. Bu mexanizm tibbi xidmətlərdən istifadə zamanı xərclərin bir hissəsinin vətəndaş tərəfindən qarşılanmasını nəzərdə tutur.
Qanun layihəsi parlamentdə keçirilən müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.