EN

Azərbaycan Serbiya əməkdaşlığında təhsil və elmin yeri

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

Nurlana Mustafayeva,

Bakı Slavyan Universitetinin Balkanşünaslıq kafedrasının müdiri,

filologiya elmləri doktoru, dosent

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına səfəri zamanı imzalanan sənədlər və keçirilən müzakirələr iki ölkə arasında münasibətlərinin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Ölkə başçıları mətbuata verdikləri bəyanatlarında münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını qeyd etdilər. İndiyədək imzalanan 57 sənəd sosial həyatın bütün sahələrində, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmindir.

İlk növbədə, ölkəmizdə Serbiya üzrə kadr hazırlığı tələb olunur. Balkan ölkələri, o cümlədən Serbiya üzrə mütəxəssislər əsasən Bakı Slavyan Universitetinin Balkanşünaslıq kafedrasında hazırlanır. Serbiya istiqaməti xüsusi xətt kimi formalaşmaqdadır. Serb dili, ədəbiyyatı, tarixi, coğrafiyası, etnoqrafiyası və mədəniyyəti öyrədilir, multidissiplinar yanaşma tətbiq olunur.

Mütəxəssis hazırlanmasında iki ölkənin müvafiq qurumları arasında əlaqələr müstəsna rol oynadığından Bakı Slavyan Universiteti ilə Serbiya universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlığı nəzərdə tutan müxtəlif memorandum və niyyət protokollarının imzalanması üçün hüquqi baza formalaşdırılmışdır. Həmin sənədlər tələbə və müəllim mübadiləsi, birgə magistr və doktorantura hazırlığı, ortaq elmi layihələrin və konfransların keçirilməsi üçün imkanlar açır. Serbiyanın Avropa ali təhsil məkanındakı təcrübəsi, Azərbaycanın isə regional təhsil mərkəzi kimi mövqeyi qarşılıqlı maraq doğurur.

Serb dilinin tədrisi, serb mədəniyyəti və ədəbiyyatı üzrə xüsusi kurs və seminarların təşkili, Serbiya-Azərbaycan ədəbi əlaqələri mövzusunda elmi-tədqiqat işlərinin aparılması, serb yazıçılarının əsərlərinin Azərbaycan dilinə, Azərbaycan müəlliflərinin əsərlərinin serb dilinə tərcümə təşəbbüsləri, Serbiya universitetləri ilə birgə konfranslar, yay məktəbləri və akademik mübadilə proqramları, Balkan regionunda tarixi yaddaş və milli kimlik məsələlərinə həsr olunmuş müqayisəli tədqiqatların aparılması əsas prioritet məsələlərdir. Bu fəaliyyətlər Azərbaycanda Balkanşünaslığın yalnız regional yox, həm də humanitar diplomatiya vasitəsi kimi inkişafına töhfə verir. Birgə elmi forum və konfransların keçirilməsi, universitetlərdə serb və Azərbaycan ədəbiyyatının qarşılıqlı tədrisi mədəni-humanitar dialoqun dərinləşməsinə zəmin yaradır. Ortaq proqramlar gənc tədqiqatçıların əlaqələrinin qurulmasına, tanınmasına, mədəni müxtəlifliyin dərk edilməsinə və intellektual potensialın güclənməsinə xidmət göstərir.

Chosen
10
3
icma.az

4Sources