Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Xocalı hadisələri mülki insanlara qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi dəyərləndirilir və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının bariz nümunəsi hesab olunur. Bu soyqırımı bütövlükdə Azərbaycan xalqına qarşı aparılan uzunmüddətli düşmənçilik siyasətinin qanlı təzahürlərindən biri kimi tarixə düşmüşdür.
Ulu Öndər Heydər Əliyev bildirib ki, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır: “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür”.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücum edərək mülki əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdilər. Şəhər faktiki olaraq mühasirəyə alınmışdı və sakinlərin təhlükəsiz şəkildə çıxması üçün heç bir şərait yaradılmamışdı.
Hücum başladıqdan sonra şəhərdə qalan minlərlə insan yeganə çıxış yolu kimi meşələr və dağ yolları vasitəsilə təhlükəsiz əraziyə çatmağa çalışdı. Lakin qaçan insanlar müxtəlif istiqamətlərdə pusquya salındı, atəşə tutuldu və bir çoxu həmin gecə həyatını itirdi. Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında dinc sakinlərə qarşı törədilən qətliam faciənin miqyasını daha da ağırlaşdırdı. Qarlı hava və şaxtalı şəraitdə gizlənməyə çalışan insanların bir qismi isə soyuqdan donaraq həyatını itirdi.
Xocalı soyqırımı nəticəsində yüzlərlə insan həyatını itirdi, minlərlə ailənin taleyi alt-üst oldu. Rəsmi məlumatlara görə, 613 nəfər qətlə yetirildi. Onların arasında 63 uşaq, 106 qadın və 70 ahıl insanın olması faciənin mülki əhaliyə qarşı törədildiyini göstərir. Həmin gecə 8 ailə tamamilə məhv edildi, yüzlərlə insan yaralandı, 1275 nəfər əsir götürüldü və çox sayda sakin itkin düşdü. Hücum zamanı insanların xüsusi qəddarlıqla öldürülməsi, işgəncələrə məruz qalması beynəlxalq ictimaiyyət tərəfindən də insanlığa qarşı cinayət kimi dəyərləndirilir.
Şəhər işğal olunduqdan sonra Xocalı faktiki olaraq xarabalığa çevrildi. Yaşayış evləri, sosial obyektlər, məktəblər, kitabxanalar və mədəniyyət ocaqları dağıdıldı. Onlarla ictimai bina yerlə-yeksan edildi, tarixə aid abidələr və qəbiristanlıqlar vandalizmə məruz qaldı. Xocalıda mövcud olan qədim türbələr, tarixi abidələr və digər mədəni irs nümunələrinin məhv edilməsi bütövlükdə regionun tarixi yaddaşına vurulan zərbə idi. Bu dağıntılar həmin dövrdə bölgədə aparılan işğal siyasətinin miqyasını və məqsədini aydın şəkildə göstərirdi.
Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilməsi istiqamətində mühüm addım 1994-cü ildə atılmışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. BMT tərəfindən qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyada göstərilən bir çox hüquqi elementlərin Xocalıda baş verən hadisələrdə mövcud olduğu istintaq materiallarında da öz təsdiqini tapmışdır. Mülki əhalinin qəsdən hədəfə alınması, xüsusi qəddarlıqla öldürülməsi və müəyyən bir etnik qrupa qarşı yönəlmiş hücumlar bu hadisələrin soyqırımı xarakteri daşıdığını göstərən əsas faktlar kimi qiymətləndirilir.
Son illər ərzində Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bir sıra dövlətlərin parlamentləri bu hadisələri pisləyən və soyqırımı kimi tanıyan sənədlər qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilən qətnamələr də faciənin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə vermişdir.
Dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, konfranslar və xatirə mərasimləri bu hadisələrin unudulmamasına xidmət edir. Bir çox şəhərlərdə Xocalı qurbanlarının xatirəsinə abidələr ucaldılmışdır və hər il həmin abidələr önündə anım tədbirləri keçirilir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ən mühüm təşəbbüslərdən biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış “Xocalıya ədalət” beynəlxalq kampaniyasıdır. 2008-ci ildən fəaliyyət göstərən bu kampaniya qısa müddət ərzində geniş beynəlxalq dəstək qazanmışdır.
Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində sərgilər, konfranslar, seminarlar və maarifləndirici tədbirlər təşkil edilir. Sosial şəbəkələrdə aparılan geniş informasiya kampaniyaları sayəsində milyonlarla insan Xocalı haqqında məlumat əldə etmişdir. Bu təşəbbüsün əsas məqsədi faciənin beynəlxalq səviyyədə tanınması, qurbanların xatirəsinin yaşadılması və gələcək nəsillərin bu tarix haqqında məlumatlandırılmasıdır.
2020-ci ildə baş vermiş Vətən müharibəsi regionda yeni reallıq yaratdı və uzun illər davam edən münaqişədə dönüş nöqtəsi oldu. 44 günlük müharibə nəticəsində işğal altında olan ərazilərin böyük hissəsi azad edildi. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərində də suverenlik bərpa olundu.
Prezident İlham Əliyev çıxışında bildirib ki, “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi: “Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq qoymadıq ki, onların qanı yerdə qalsın”. Dövlətimizin başçısı 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Bayrağını ucaldıb.
Bu gün Xocalı qurbanlarının xatirəsi müxtəlif layihələr və tədbirlərlə yaşadılır. Şəhərdə Soyqırımı Memorial Kompleksinin yaradılması faciənin tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm addımdır. Kompleksdə həmin hadisələrin xronologiyası, qurbanların xatirəsi və şəhərin tarixi haqqında məlumatların təqdim olunması nəzərdə tutulur.
Hər il fevralın 26-da paytaxtda yerləşən Ana harayı abidəsi önündə minlərlə insanın iştirakı ilə anım mərasimi keçirilir. Saat 17:00-da elan olunan sükut dəqiqəsi isə faciə qurbanlarının xatirəsinə ümumxalq ehtiramının ifadəsinə çevrilmişdir. Tarixi yaddaşın qorunması, bu hadisələrin unudulmaması və dünya ictimaiyyətinə çatdırılması hər bir insanın mənəvi borcu olaraq qalır.
Asif Əsgərov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.