Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycanda lombardlardan kredit götürmək üçün artıq yalnız qızıl-zinət əşyaları deyil, elektron cihazlar da girov kimi qəbul olunur. Son dövrlərdə xüsusilə noutbuk və smartfonların, o cümlədən iPhone modellərinin girov qoyulması halları geniş yayılıb. Bəs bu zaman şəxsi məlumatların təhlükəsizliyi necə qorunur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, lombard fəaliyyətində bu cür təcrübə artıq geniş tətbiq olunur.

Ekspertin sözlərinə görə, hazırda lombardlar təkcə telefon və noutbukları deyil, avtomobil, müxtəlif məişət texnikası və hətta iri məişət avadanlıqlarını da girov kimi qəbul edir:
“Bu cür hallarda girov qoyulan əşyalar bəzən sahibinin özündə qalmaq şərti ilə rəsmiləşdirilir. Yəni vətəndaş cihazdan istifadə etməyə davam edir. Sadəcə olaraq cihazlara xüsusi kilidləmə proqramları quraşdırılır. Ödəniş müddəti gecikdirildikdə həmin proqram vasitəsilə telefon və ya noutbuk bloklana bilər və funksiyalar məhdudlaşdırılır”.
Eyyub Kərimli qeyd edib ki, tətbiq olunan mexanizm əsasən borcun qaytarılmasını təmin etməyə yönəlib və birbaşa cihazın məlumatlarına müdaxilə məqsədi daşımır. Onun sözlərinə görə, bu baxımdan birbaşa informasiya müdaxiləsindən danışmaq düzgün olmaz.
“Cihazlara kənar proqramların quraşdırılması müəyyən informasiya təhlükəsizliyi riskləri yarada bilər. Bu səbəbdən vətəndaşlara müqavilə şərtlərini diqqətlə oxumaq, hansı proqramın quraşdırıldığını və hansı icazələrə malik olduğunu əvvəlcədən dəqiqləşdirmək tövsiyə olunur”.
Aynurə İsmayıl
KONKRET.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.