Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar iş adamları və biznes strukturları üçün münbit şəraitin yaranmasına səbəb olub. Bu gün gömrük və vergi sistemində tətbiq olunan yeni texnologiyalar biznesin inkişafı və idxal-ixrac əməliyyatlarının asanlıqla yerinə yetirilməsini təmin edir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “Türkiyə-Azərbaycan ticarət nümayəndə heyəti və "B2B" görüşləri” tədbirində iştirak edən “Macro-2000” Holdinqinin rəhbəri Erday Erdal deyib.
O bildirib ki, 25 ildir Azərbaycanda inşaat sektorunda fəaliyyət göstərir.
“Bu illər ərzində Azərbaycanda böyük dəyişikliklər baş verib. Azərbaycan güclənərək Qarabağı 44 gün ərzində işğaldan azad edib. Bu gün Qarabağda böyük tikinti və quruculuq işləri həyata keçirilir və biz də bu işdə iştirak edirik. Hazırda şirkətimiz dövlət sifarişlərini yerinə yetirərək azad olunan ərazilərdə xəstəxana, müasir tipli məktəblər, iaşə və məişət obyektlərinin tikintisi ilə məşğul olur.
Qarabağda aparılan bərpa işləri yeni texnologiyanın tətbiqi və dünyanın inkişaf etmiş şəhərlərindən nümunə götürülərək aparılır. Yaxın gələcəkdə Azərbaycanın ən müasir və gözəl şəhərləri Qarabağda olacaq. Azərbaycanda qurulan istehsal müəssisələrinin böyük ixrac potensialı var. İstifadə etdiyimiz materialların çox hissəsi yerli istehsaldır. Bu istehsalı artırmaqla ixracı da artırmaq imkanları mövcuddur”, - deyə Erday Erdal vurğulayıb.
Bu gün keçiriləcək B2B formatlı görüşə toxunan E.Erdal bildirib ki, Azərbaycan ilə Türkiyənin dövlət və biznes qurumları arasında çox yaxşı münasibətlər var: “Bu gün də burada keçirilən görüşdən hər iki tərəfin də faydalanacağına inanıram”.