EN

Addım addım savaş: Tramp müharibə istəyir, Xamaneyi onları küçələrə göndərir

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

ABŞ-İran gərginliyi fonunda hazırki proseslərin gedişatı və bu proseslərin doğura biləcəyi təlatümlər aktiv müzakirə mövzusuna çevrilib. 

ABŞ-nin İrana hərbi müdaxiləsi ehtimalları artır, Yaxın Şərq genişmiqyaslı müharibə meydanına çevrilmək astanasındadır. Bu, həm regiondaxili, həm də regiondankənar ölkələri ciddi şəkildə narahat edir. Bu yaxınlarda Məsqət və Cenevrədə baş tutan danışıqlarda heç bir nəticə əldə edilmədiyi üçün ABŞ İran ətrafındakı bölgədə hücumlara hazırlıq tədbirlərinə başlayıb. 

Ərəb dənizi və Oman körfəzinin birləşdiyi nöqtədə qırıcı təyyarələr və ballistik raketlərlə təzcih olunan USS Gerald R.Ford və USS Abraham Lincoln hərbi donanması lövbər salıb, bununla paralel olaraq, Körfəz ölkələri – Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və Omanda, o cümlədən İraqda ABŞ-nin aviabazaları hazırlıq vəziyyətinə gətirilib. Yaxın günlərdə ABŞ-İran toqquşması istisna deyil. 

İran müharibə hazırlığına başlayıb

İrana qarşı müharibə risklərinin artması fonunda Tehran müdafiə imkanlarını gücləndirir. “Reuters” agentliyi qeyd edir ki, İranda hərbi potensialın möhkəmləndirilməsi ilə yanaşı, sığınacaqlar və tibbi infrastruktur da modernləşdirilir. 

Belə ki, son günlər bir sıra hərbi komandirlər, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusu nümayəndələri tibb mərkəzlərinə baş çəkərək onların hazırlıq səviyyəsini və təminat durumunu yoxlayırlar. 

Bundan əlavə, bütün yeraltı məkanlar sığınacaq halına gətirilib, əlavə ərzaq və dərmanla təmin edilib. Nüvə alimləri ölkənin ən uzaq və dərin tunellerinə yerləşdirilib. 

“New York Times” qəzeti son proseslərlə bağlı yazır ki, Tehran Yəməndəki husilər və Livandakı “Hizbullah” da daxil olmaqla, Yaxın Şərqdəki proksi qüvvələrinə müharibəyə hazırlıq üçün təlimat göndərib. 

Qəzet iddia edir ki, İran hakimiyyəti Amerika qoşunlarına və müttəfiqlərinə qarşı hücumlarda proksi qüvvələrdən istifadə etməklə münaqişəni öz sərhədlərindən kənarda saxlaya bilər. 

Eyni zamanda, “Kaan” agentliyinin məlumatında qeyd olunur ki, “Hizbullah” son günlər hərbi aktivliyi artırıb - İsrail hərbi kəşfiyyatı Aman “Hizbullah”ın qeyri-adi raket hərəkətlərini müşahidə edib və bu, təhlükəsizlik qurumlarında ciddi narahatlıq doğurub. 

İsrailin qiymətləndirmələri göstərir ki, ABŞ İrana hücum edərsə, “Hizbullah” İsraili raket atəşinə tuta bilər. İsrail kəşfiyyatının məlumatına görə, İran onlara müxtəlif növ dron və ballistik raketlər ötürüb. 

Bununla yanaşı, vurğulanır ki, “Hizbullah” son illər sakitcə özünün raket və quru gücünü bərpa edir. Yeni HHM yerləşdirir, idarə heyətini dəyişir, komandanlığı yeniləyir. 

Xameneyinin tapşırığı ilə küçələrə göndəriliblər

“New York Times” isə hesab edir ki, İranın geniş hərbi imkanları və regional proksi şəbəkəsi ABŞ-ni uzunmüddətli münaqişəyə cəlb edə bilər. Beynəlxalq Böhran Qrupunun mütəxəssisi Əli Vaez qəzetə bildirib ki, İranla bağlı “ucuz, asan və ya təmiz” hərbi seçim yoxdur. 

İran Yaxın Şərqdə ən böyük və ən müxtəlif raket arsenallarından birinə, o cümlədən dronlara, gəmi əleyhinə silahlara və Türkiyənin qərbindəki və Yaxın Şərqdəki Amerika bazalarına çata bilən orta mənzilli ballistik raketlərə malikdir. “NYT”-nin məlumatında, həmçinin İran silahlı qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı məsələyə də toxunulub. 

Tehran İraqla qərb sərhədi boyunca, yəni İsrailə zərbə endirmək üçün kifayət qədər yaxın  və Fars körfəzinin cənub sahili boyunca, ABŞ hərbi bazalarının əhatə dairəsində ballistik raket buraxılış qurğuları yerləşdirilib. İran vaxtaşırı hava məkanını raket sınaqları üçün bağlayır. 

Hazırda Fars körfəzində hərbi təlimlərin keçirilməsi səbəbindən Hörmüz boğazı qısa müddətə bağlanılıb. Bütün bunlarla yanaşı, İranın ali rəhbəri Seyid Əli Xameneyi müharibə vəziyyətində xüsusi polis qüvvələrinin, kəşfiyyat agentlərinin və mülki geyimli “Bəsic” milis batalyonlarının böyük şəhərlərin küçələrinə yerləşdiriləcəyi barədə göstərişlər verib. 

“NYT” xüsusi bir məqamı da vurğulayıb ki, 12 günlük müharibədə İran İsrailin Hayfa limanını, nüvə Tədqiqat mərkəzini, Tel-Əviv maliyyə mərkəzini və Hayfa elektrik stansiyasını dəqiqliklə vurub. Xüsusilə, İran hərbi rəhbərliyi İsrailin hava hücumundan müdafiə sistemlərini necə yarmağı öyrəniblər. 

Yazılı öhdəlik götürə bilər ki...

“Axios” qeyd edir ki, ABŞ Tehrandan növbəti 48 saat ərzində ətraflı nüvə sazişi təklifi alacağı təqdirdə cümə günü Cenevrədə İranla yeni danışıqlar raundu keçirməyə hazırdır. 

ABŞ-nin yüksək səviyyəli rəsmisi “Axios” – a şərhində bildirib ki, əgər İran layihə təklifi təqdim edərsə, ABŞ cümə günü Cenevrədə ətraflı danışıqlara başlamağa hazırdır. Tramp administrasiyasının rəsmiləri Vitkoff və Kuşner əvvəllər İranın xarici işlər naziri Əraqçiyə Trampın mövqeyinin İranda uranın sıfır zənginləşdirilməsi olduğunu bildiriblər. 

İran hakimiyyəti Tehran uran ehtiyatlarını tam məhdudlaşdırmaq, yəni sıfıra endirmək niyyətində deyil, Tehran ABŞ-nin belə bir təklifini məqbul hesab etmir. Buna baxmayaraq, İran da ABŞ –yə öz təkliflərini irəli sürüb. Bəzi KİV-lərin araşdırmalarına görə, İran uranın zənginləşdirilməsini ilkin mərhələdə 0%, sonra baza olaraq 1.5% həddinə endirməyə hazırdır. 

Bundan başqa, İran AEBA-ya nüvə obyektlərinə giriş icazəsi verir. İran region dövlətlərinin iştirakı ilə İran nüvə proqramına nəzarət edəcək regional və beynəlxalq konsorsiumun yaradılmasını təklif edir. İran ABŞ-nin monitorinq fəaliyyətinə də etiraz etmir. 

Belə bir iddia da var ki, İran yazılı şəkildə nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürməyə hazırdır. Lakin İran ballistik raket istehsalı və dinc nüvə zənginləşdirilməsi hüququnun tanınmasını tələb edir. 

Tramp İran məsələsini qısa müddətdə həll etmək istəyir, amma Vali Nasir KİV-ə açıqlamasında bildirib ki, ABŞ İran məsələsini ən geci 2-3 həftədə həll etmək istəyir. Onun fikrincə, ABŞ uzunmüddətli müharibədə maraqlı deyil. 

“Bu ABŞ, xüsusilə Tramp üçün daxili siyasi risk yarada bilər. Digər tərəfdən, Tramp Reyqan olmaq istəyir, o, Karter olmaq və ya Vyetnam sindromuna məruz qalmaq istəmir,” – deyə V.Nasir vurğulayıb. 

Ekspert onu da qeyd edir ki, İran zəifləsə belə, böyük proksi şəbəkəni idarə edir: 

“Konsolidasiya olunmuş bir ideoloji ordu ilə savaşmaq böyük zaman və resurs tələb edəcək. Amma ABŞ-nin hesablamaları fərqli də ola bilər". 

ABŞ İran ətrafındakı bölgədə geniş hazırlıq tədbirləri görsə də, Ağ Evdə İrana hərbi müdaxiləyə dair məsələ ətrafında ciddi müzakirələr aparılır. “Axios” məlumat verir ki, son daxili müzakirələr zamanı ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İrana zərbə endiriləcəyi təqdirdə Vaşinqtonun uzunmüddətli münaqişəyə cəlb olunma ehtimalı ilə bağlı narahatlığını bildirib. 

O, hərbi və milli təhlükəsizlik rəsmilərindən potensial əməliyyatın riskləri və mürəkkəbliyi barədə soruşub, eyni zamanda İrana zərbə endirilməsinə qəti şəkildə qarşı çıxmayıb. Vens cümə axşamı Cenevrədə keçiriləcək danışıqların diplomatik irəliləyişlərə səbəb olacağına ümid edir, lakin bir neçə digər yüksək vəzifəli məmurun da paylaşdığı mövqe ilə razılaşmanın əldə olunma ehtimalına şübhə ilə yanaşır. 

“Axios” – un məlumatında ABŞ generalı Den Keynin xəbərdarlığı da qeyd olunub. General Donald Trampa İrana qarşı mümkün hərbi əməliyyatların ABŞ üçün uzunmüddətli münaqişəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Bəzi məsləhətçilər ehtiyatlı olmağa çağırır, lakin Trampın zərbə endirməyə meyilli olduğu bildirilir. 

Yunis Abdullayev 

“Cebheinfo.az”

 

Açar sözlər:

Tramp Xamaneyi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
1
cebheinfo.az

2Sources