EN

Uşaqların sosiallaşma prosesində valideyn dəstəyi necə olmalıdır? - AÇIQLAMA

Uşağın özünə qapanması bəzən sakit xarakter kimi qəbul edilsə də, əslində daxili narahatlıqların və ifadə olunmamış hisslərin göstəricisi ola bilər. Sosial münasibətlərdən uzaqlaşma, fikirlərini bölüşməmək və emosiyaları gizlətmək diqqət tələb edən siqnallardır. Bu səbəbdən uşağı dəyişdirməyə çalışmaqdan əvvəl onu anlamaq və güvənli mühit yaratmaq vacibdir.

Bu barədə psixoloq Aytən Ələkbərova Missiya.Az-a danışıb.

"Uşaqlarla münasibətlərin qurulmasında ən vacib məqam onlara kiçik yaşlarından etibarən ailə daxilində müəyyən məsuliyyətlərin verilməsidir. Uşaq əvvəlcə evdə özünü “balaca köməkçi” kimi hiss etməlidir. Çünki effektiv ünsiyyətin təməli ailədə, doğmalarla münasibətdə formalaşır.

Üç yaşa qədər olan dövrdə uşaqda “mən” anlayışı yaranır, o, öz bədən üzvlərini tanıyır, valideynlərini digər insanlardan fərqləndirməyi öyrənir və “bu mənim valideynimdir” düşüncəsi formalaşır. Bu mərhələ şəxsiyyətin bünövrəsi hesab olunur. Növbəti mərhələdə qarşılıqlı münasibətlərin düzgün qurulması xüsusi əhəmiyyət daşıyır. Uşaq yeniyetməlik dövrünə çatdıqda valideyn onunla elə münasibət qurmalıdır ki, yeniyetmə valideyni özünə ən yaxın dost hesab edə bilsin. Valideyn utancaqlıq, sosial fobiya və ya asosial davranış kimi halları bir-birindən ayırmağı bacarmalı, övladının həyatında bilavasitə iştirak etməlidir. Eyni zamanda yeniyetmənin fikir və təkliflərini qəbul etmək vacibdir. Çünki uşağın verdiyi suallar və yanaşmaları valideynə onun düşüncə tərzini anlamağa imkan verir",-psixoloq bildirib.

Aytən Ələkbərovanın sözlərinə görə, valideyn yaş psixologiyasını mütləq bilməlidir. Necə ki, övladının qan qrupunu bilir, eləcə də onun psixoloji xüsusiyyətlərini, həssas nöqtələrini, hansı halların psixi vəziyyətinə təsir edəcəyini də bilməlidir. Sosiallaşma dövründə – istər bağçada, istər məktəbdə – valideyn uşağın evə qayıtdıqdan sonrakı davranış və emosional vəziyyətini diqqətlə müşahidə etməlidir. Əgər valideyn səbəbi özü müəyyən edə bilmirsə, mütəxəssisə müraciət etmək ən doğru addımdır. Psixoloq uşağın özünə qapanmasının səbəbini müəyyən edə bilər: bu utancaqlıqdırmı, sosial fobiyadırmı, yoxsa yaşanmış hər hansı travmatik hadisənin nəticəsidir? Təəssüf ki, bəzən yeniyetmələr daxili sıxıntılarını gizlədirlər. Valideyn isə sonradan “Heç nə hiss etmədim” deyə təəssüflənir. Halbuki xırda görünən davranış dəyişiklikləri böyük psixoloji gərginliyin göstəricisi ola bilər.

"Uşaqları başqaları ilə müqayisə etmək də onların psixi durumuna mənfi təsir göstərir. Müqayisələr zamanla inciklik və daxili narazılıq yaradır. Yeniyetməlik dövründə xarakter daha qabarıq şəkildə üzə çıxır. Altı-yeddi yaşa qədər formalaşan əsas xüsusiyyətlər sonrakı mərhələdə sosial mühitin təsiri ilə möhkəmlənir və ya dəyişir. Bəzən valideynin hər sözünə əməl edən uşaq yeniyetməlikdə qəfil etiraz etməyə başlayır: “Mənim həyatıma qarışma.” Bu, şəxsiyyətin müstəqilləşmə prosesinin bir hissəsidir. Lakin burada aqressiya və ya vegetativ pozuntular müşahidə olunursa, səbəblər diqqətlə araşdırılmalıdır. Digər tərəfdən, özünə qapanıqlıq da ciddi siqnal ola bilər. Uşaq uğursuzluqlarla necə davranacağını, məğlubiyyətdən dərs çıxarmağı öyrənməlidir; əks halda qeyri-müəyyənlik içində qalır.

Nəticə olaraq deyə bilərik ki, şəxsiyyətin formalaşması həm ailədə, həm də kollektiv mühitdə baş verir. Yeniyetmənin sağlam inkişafı üçün ailə, məktəb və sosial çevrə arasında düzgün əməkdaşlıq vacibdir. Valideyn və müəllim uşağın emosional vəziyyətini həssaslıqla müşahidə etdikdə, onun özünüqiymətləndirməsi və mənlik şüuru daha sağlam şəkildə formalaşır",-A.Ələkbərova əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
5
missiya.az

1Sources