"Ölkələr arasında müdafiə də daxil olmaqla, müxtəlif sahələrdə əlaqələri nəzərə alsaq, bu cür tədbirlər (Ermənistan və İran arasında ötən il keçirilən hərbi təlimlər - red.) gələcəkdə də baş tuta və daha böyük miqyasda ola bilər".
Ölkə.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami 24 fevralda jurnalistlərlə söhbətində bildirib.
O, Ermənistanın müdafiə naziri Suren Papikyanın hazırda Tehranda rəsmi səfərdə olduğunu xatırladıb ki, bu da iki ölkə arasında münasibətlərin yüksəlişindən xəbər verir. Diplomat izah edib ki, Papikyanın səfəri əvvəlcədən planlaşdırılıb. "Bu, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafını daha da nümayiş etdirir. Bu səfər zamanı tərəflər müxtəlif mövzular üzrə fikir mübadiləsi apara və əməkdaşlığı dərinləşdirə biləcəklər", - deyə səfir əlavə edib.
Şirqolami qeyd edib ki, Ermənistan və İran arasındakı sərhəd həmişə "sülh sərhədi" olub və hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir və hərbi əməkdaşlıq bu tarixi əlaqələrə, sərhədlərin toxunulmazlığına və iki ölkənin ərazi bütövlüyünün qorunmasına əsaslanır.
Həmidə İbrahimova