EN

Səfir: Əminəm ki, sülh prosesindəki irəliləyişlə daha çox İsveç şirkəti Azərbaycanı potensial ticarət tərəfdaşı kimi görəcək - MÜSAHİBƏA

İsveç Krallığının Azərbaycandakı səfiri Tobias Lorentzsonun APA-ya müsahibəsi

İsveçlə Azərbaycan arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir

- Cənab səfir, Azərbaycanla ikitərəfli münasibətlərinin mövcud vəziyyətini necə qiymətləndirirsiniz? Hansı sahələrdə daha böyük inkişaf potensialı görürsünüz?

- İsveçlə Azərbaycan arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir. İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Tobias Tüyberqin Bakıya son səfəri bunun bariz göstəricisidir. Şimal-Baltik formatı çərçivəsi də daxil olmaqla, iki ölkə arasında mütəmadi yüksək səviyyəli təmaslar mövcuddur.

Keçən il Şimal-Baltik ölkələrinin siyasi direktorları Bakıya səfər edərək, həmkarları ilə səmərəli görüşlər keçiriblər. İkitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində səylərimizin bir hissəsi olaraq, İsveçin Azərbaycandakı səfirliyi gender bərabərliyi, iqtisadi əlaqələr, xalqlararası təmaslar və təhsil imkanlarına xüsusi önəm verir.

Azərbaycan dünyada qadınlara səsvermə hüququ verən ilk ölkələrdən biri olub. Gender bərabərliyi İsveç xarici siyasətinin əsas istiqamətlərindən biridir. Səfirlik Azərbaycanda qadın hüquqlarının daha da irəlilədilməsi məqsədilə dövlət qurumları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və sənətçilərlə əməkdaşlıq edir.

Əməkdaşlıq sahələrindən biri də böyük potensiala malik olan müxtəlif konnektivlik layihələridir ki, bunlar Azərbaycan ilə Ermənistan arasında sülh və normallaşma prosesində əldə olunan irəliləyiş sayəsində mümkün olub. İsveçin bu layihələrdə iştirak edə biləcək çoxsaylı uğurlu şirkətləri və texniki həll yolları mövcuddur, o cümlədən bunlara Naxçıvan üzərindən keçən dəmir yolu xəttinin modernləşdirilməsi də daxildir.

Həmçinin çox sayda savadlı və perspektivli gənc azərbaycanlı tələbənin təhsil məkanı kimi İsveçi seçməsini məmnunluqla qarşılayırıq. Son illər ərzində Azərbaycan İsveç İnstitutu təqaüd proqramı üzrə təqaüdçülərin sayına görə ilk üçlükdə yer alıb. Ümid edirik ki, bu istedadlı tələbələrdən bəziləri təhsillərini başa vurduqdan sonra çalışmaq üçün İsveçdə qalmaq istəyəcək.

Gələcəkdə Bakıdan kənarda daha geniş ictimaiyyətə çıxış əldə etməyə ümid edirik

- İsveç NATO-ya qoşuldu. Bu addımın İsveçin Cənubi Qafqaz, o cümlədən Azərbaycanla bağlı fəaliyyətinə necə təsir göstərəcəyini düşünürsünüz?

- Keçən ildən etibarən İsveç NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi funksiyasını Slovakiya səfirliyi ilə birlikdə həyata keçirir. Bu rol çərçivəsində səfirlik NATO-nun Azərbaycanda ictimai məlumatlandırma fəaliyyətlərini dəstəkləyərək, geniş ictimaiyyəti NATO-nun rolu və mandatı barədə məlumatlandırıb, eyni zamanda Azərbaycanın NATO ilə fəal tərəfdaşlığının üstünlüklərini vurğulayıb. Bu yaxınlarda biz NATO Baş katibinin müavini Radmila Şekerinskanın Bakıya səfərini, eləcə də NATO səfirlərinin Bakıya səfərini təşkil etməyə dəstək göstərdik.

Gələcəkdə Bakıdan kənarda daha geniş ictimaiyyətə çıxış əldə etməyə ümid edirik. NATO-nun üzvü olaraq, eləcə də Avropa İttifaqı, BMT, ATƏT və Avropa Şurası çərçivəsində İsveç xarici və təhlükəsizlik siyasətimizin əsas dəyərlərini təbliğ etməyə davam edəcək. Bunlara beynəlxalq qaydalara əsaslanan və çoxtərəfli sistem, demokratiya, insan hüquqları və gender bərabərliyi daxildir.

Regionda uzunmüddətli sülh və sabitliyin dəstəklənməsinin vacib yolu həm Azərbaycan, həm də Ermənistan tərəfindən verilən sülh mesajlarını gücləndirməkdir

- Azərbaycan-Ermənistan normallaşma prosesinə toxunmaq istərdim...

- Regionda uzunmüddətli sülh və sabitliyin dəstəklənməsinin vacib yolu həm Azərbaycan, həm də Ermənistan tərəfindən verilən sülh mesajlarını gücləndirmək və bölgədə yaşayan insanlar üçün sülhün faydalarını vurğulamaqdır. Yalnız mesajlardan yox, həm də konkret tədbirlərdən söhbət gedir ki, bunlara Azərbaycanın neft məhsullarının ixracı, üçüncü ölkələrdən malların tranziti və “Sülh Körpüsü Təşəbbüsü” kimi davam edən vətəndaş cəmiyyəti dialoqları daxildir. Həmçinin Azərbaycan və Ermənistanı konnektivlik layihələri vasitəsilə yenidən birləşdirməyə dəstək verərək iqtisadi inteqrasiyanın daha da təşviq olunmasına töhfə verə bilərik. Son zamanlar Avropa İttifaqı və Azərbaycan “Global Gateway” təşəbbüsü və Çoxtərəfli Regional Konnektivlik Gündəliyi çərçivəsində tərəfdaşlığı gücləndirməyə razılaşıblar. Bu tərəfdaşlıq nəqliyyat, rəqəmsal texnologiya, enerji və ticarət sahələrində davamlı və dayanıqlı bağlantılar vasitəsilə yeni iqtisadi imkanların açılmasına, uzunmüddətli ortaq rifahın, əməkdaşlığın və sülhün təşviqinə kömək edəcək.

Sülh sazişinin imzalanması, ratifikasiyası və həyata keçirilməsi uzunmüddətli sülh üçün həyati əhəmiyyət daşıyır. Vaşinqtonda Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan bu məqsədə nail olmaq üçün əlavə tədbirlərin görülməsinin vacib olduğunu bildirdilər. Yeri gəlmişkən, Azərbaycan və Ermənistanın artıq keçən ilin avqust ayında Vaşinqton Sammitində razılaşdırılmış sülh gündəliyini həyata keçirməyə başlaması ümidvericidir.

Azərbaycan Avropa İttifaqı üçün vacib enerji tərəfdaşıdır

- İsveç Azərbaycanın Avropa İttifaqı üçün enerji tərəfdaşı kimi rolunu necə qiymətləndirir?

- Azərbaycan Avropa İttifaqı üçün vacib enerji tərəfdaşıdır. Azərbaycanın Avropaya qaz ixracı Avropanın enerji idxalını şaxələndirməyə yönəlmiş səylərinin bir hissəsini təşkil edir. Bu tərəfdaşlıq üçün əsas çərçivə 2022-ci ildə Azərbaycan və Aİ arasında imzalanmış Anlaşma Memorandumudur.

İsveç və Azərbaycan arasında bərpa olunan enerji sahəsi əməkdaşlıq böyük potensiala malikdir

- İqlim dəyişikliyi və "yaşıl keçid" İsveç üçün prioritetdir. İsveçin bərpa olunan enerji və ətraf mühitin mühafizəsi sahələrində Azərbaycanın əməkdaşlıq üçün konkret planları var?

- Azərbaycanın “yaşıl keçid” fonunda bərpa olunan enerji sahəsində İsveç və Azərbaycan arasında əməkdaşlıq böyük potensiala malikdir. Bakıda keçirilmiş COP29 beynəlxalq konfransı isveçli biznes aktorları üçün Azərbaycan bazarını araşdırmaq məqsədilə faydalı imkan yaratdı. Mingəçevirdə İsveç şirkəti AFRY ölkənin ən böyük enerji layihəsi olan 1800 MW-lıq “Combined Cycle Power Plant”ın genişləndirilməsi üçün mühəndislik və məsləhət xidmətləri təklif edir. Həmçinin, uzun müddətdir ki, modul dənizaşırı yaşayış məkanları təmin edən “Emtunga” bərpa olunan enerji sektorunda da Azərbaycanda uzunmüddətli iştirakı planlaşdırır. Bu ilin may ayında Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunda sərgi təşkil etməyi planlaşdırırıq.

İsveç və Azərbaycan arasındakı mövcud ticarət əlaqələrini genişləndirmək üçün açıq imkanlar mövcuddur

- İsveç və Azərbaycan arasındakı mövcud iqtisadi və ticarət əlaqələrinin səviyyəsini necə qiymətləndirirsiniz və gələcəkdə hansı sahələr daha çox İsveç investisiyasını cəlb edə bilər?

- İsveç və Azərbaycan arasındakı mövcud ticarət əlaqələrini genişləndirmək üçün açıq imkanlar mövcuddur. İsveç biznesi Azərbaycanda bir neçə şirkət vasitəsilə fəaliyyət göstərir. Bunlara “Ericsson”, “Volvo”, “SystemAir”, “Assa Abloy”, “Oriflame”, “Emtunga” və SKF daxildir. Sülh prosesindəki irəliləyiş və Azərbaycanın Orta Dəhlizin inkişafında artan rolu ilə mən əminəm ki, daha çox İsveç şirkəti Azərbaycanı potensial ticarət tərəfdaşı kimi görəcək. Qanunun aliliyi də daxil olmaqla əlverişli biznes mühiti, isveçli biznes aktorların yeni bazara daxil olmağı nəzərdən keçirərkən, diqqət yetirdiyi digər vacib amildir.

- Azərbaycan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa-quruculuq layihələri həyata keçirir. Siz İsveç şirkətləri üçün bu layihələrdə iştirak imkanları görürsünüzmü və hansı sahələr xüsusilə maraqlı ola bilər?

- Mən bunun üçün yaxşı imkanlar görürəm. Əslində, artıq bir neçə İsveç şirkəti bərpa işlərində iştirak edir.

Azərbaycanın NATO ilə sadiq tərəfdaşlığı da əhəmiyyətlidir

- İsveçlə Azərbaycan arasında müdafiə və təhlükəsizlik sahəsində dialoq və əməkdaşlığın inkişaf potensialını, xüsusən regional sabitlik və beynəlxalq tərəfdaşlıqlar kontekstində necə qiymətləndirirsiniz?

- Regional təhlükəsizliklə bağlı məsələlər İsveç və Azərbaycan arasındakı ikitərəfli dialoqun təbii hissəsini təşkil edir. Mövcud geosiyasi vəziyyət fonunda bu dialoq getdikcə daha da aktuallaşır. Bu baxımdan, Azərbaycanın NATO ilə sadiq tərəfdaşlığı da əhəmiyyətlidir. Azərbaycan NATO müttəfiqləri və digər tərəfdaş ölkələrlə müdafiə və əlaqəli təhlükəsizlik sektorunun islahatı, kibertəhlükəsizlik və terrorizmə qarşı mübarizə daxil olmaqla bir çox sahədə əməkdaşlıq edir. Azərbaycan həmçinin, minalardan təmizləmə dəstəyi və kritik enerji infrastrukturlarının qorunmasının dəstəklənməsində uzunmüddətli perspektivdə maraqlıdır. İsveç və Azərbaycan, eyni zamanda, Rusiyanın işğalçı müharibəsi qarşısında Ukraynaya dəstək göstərmək marağını bölüşürlər. İsveç və Azərbaycan hər ikisi Rusiyanın ölkənin enerji sektoruna hücumlarına cavab olaraq Ukraynanın təcili enerji ehtiyaclarının ödənməsinə kömək edir.

- Azərbaycanın 48 ədəd İsveç istehsalı “Saab JAS 39 Gripen” çoxməqsədli qırıcı təyyarəsini almağı nəzərdən keçirdiyinə dair məlumatlar yayılıb. Bu barədə hər hansı şərh verə bilərsiniz?

- Mən Azərbaycana qırıcı təyyarələrin satışına dair hər hansı müzakirələrin keçirilməsi ilə bağlı məlumatlı deyiləm.

Chosen
8
4
apa.az

5Sources