EN

Efirlərdə səviyyə mübahisəsi: Problemin özü yoxsa şəxsi qarşıdurmalar?

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son günlər televiziya efirlərində yayımlanan verilişlərin səviyyəsi ilə bağlı müzakirələr cəmiyyətin əsas gündəm mövzularından birinə çevrilib. Xüsusilə sənətdə sözünü demiş, yaradıcılığı və peşəkarlığı ilə tanınan şəxslər efirdə müşahidə olunan xoşagəlməz hallara qarşı açıq mövqe nümayiş etdirməyə başlayıblar. Onlar sosial şəbəkələrdə paylaşdıqları videolar və statuslar vasitəsilə aparıcıları daha məsuliyyətli olmağa, verilişlərə dəvət edilən qonaqların seçimində diqqətli davranmağa çağırırlar.

Tanınmış sənət adamlarının əsas narazılığı efirlərdə səviyyəsiz müzakirələrin, etik normalara uyğun olmayan davranışların və qalmaqal xarakterli məzmunun artması ilə bağlıdır. Onların fikrincə, televiziya yalnız reytinq xətrinə qalmaqallara yer verməməli, eyni zamanda maarifləndirici, mədəni və cəmiyyət üçün faydalı məzmun təqdim etməlidir.

Bu çağırışlar cəmiyyətin böyük hissəsi tərəfindən dəstəklənsə də, bəzi televiziya aparıcıları və media nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. Nəticədə diqqət əsas problemdən efir keyfiyyətinin yüksəldilməsi məsələsindən yayınıb və mövzu ətrafında qarşılıqlı ittihamlar, söz mübahisələri və şəxsi polemikalar yaranıb.

Yaranmış vəziyyət televiziya məkanında peşəkarlıq standartlarının yenidən nəzərdən keçirilməsinin vacibliyini göstərir. Media mütəxəssisləri bildirirlər ki, efir mədəniyyəti cəmiyyətin ümumi mədəni səviyyəsinə təsir edən mühüm faktorlardan biridir və bu sahədə məsuliyyət yalnız aparıcıların deyil, prodüserlərin, redaktorların və kanal rəhbərlərinin də üzərinə düşür.

Digər tərəfdən, sosial şəbəkələrin təsiri nəticəsində tamaşaçıların səsi daha aydın eşidilir. İctimai rəy artıq passiv izləyici mövqeyindən çıxaraq, efir məzmununa təsir göstərən mühüm faktor kimi çıxış edir. Bu isə televiziya məkanında keyfiyyət uğrunda müzakirələrin daha da genişlənəcəyini göstərir.

Görəsən, yaranmış polemika real dəyişikliklərə gətirib çıxaracaqmı, yoxsa mübahisələr efir keyfiyyətinin yaxşılaşdırılması məqsədini kölgədə qoymağa davam edəcək? Məsələnin həlli üçün tərəflərin qarşılıqlı ittihamlar əvəzinə konstruktiv dialoqa üstünlük verməsi vacib hesab olunur. Çünki televiziya yalnız əyləncə vasitəsi deyil, həm də cəmiyyətin mənəvi və mədəni inkişafına təsir göstərən güclü informasiya platformasıdır.

Leyla MirzÉ™, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
bizimyol.info

1Sources