EN

ABŞ İrana hücum etsə “cihad” elan ediləcək: Sistaninin planı nədir?

ABŞ–İran gərginliyi yeni və daha həssas mərhələyə daxil olur. Nəcəf dini mərkəzinin lideri Ayətullah Əli Sistaninin Vaşinqtonun mümkün hərbi müdaxiləsi halında “cihad” elan edilə biləcəyinə dair mesajı regionda siyasi və məzhəbi balansın dəyişə biləcəyi barədə ciddi siqnaldır.

Məlumatlara görə, ABŞ tərəfi Sistaninin mövqeyinə təsir göstərmək üçün diplomatik kanallar və qeyri-rəsmi təşəbbüslər işə salıb, lakin mövqeyi sərt olaraq qalır.

Vaşinqton isə paralel olaraq İraqın neytral qalmalı olduğu mesajını verir və Bağdadla münasibətlərində problem olmadığını vurğulayır. Bununla belə, ABŞ rəsmilərinin İraqa səfəri, Nəcəf dini çevrələri və şiə siyasi liderləri ilə təmasları göstərir ki, mümkün ssenarilər artıq nəzəri müzakirə mərhələsini keçib. Xüsusilə Nəcəf və Qum dini məktəblərinin eyni xətdə hərəkət etməsi ehtimalı ABŞ-nin regiondakı hərbi mövcudluğu üçün strateji çətinlik yarada bilər.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları baş tutsa, Sistaninin cihad fətvası mümkündür:

“İraqda İŞİD-in məğlub edilməsində İranın dəstəyi ilə formalaşan “Haşdi Şabi” qüvvələri logistika dəstəyi verdi. Görünür, Sistani İrana öz mənəvi borcunu ödəmək istəyir. ABŞ regionda cihad hərəkatından çəkinir. Bu, regionda Vaşinqton üçün əlavə risk faktorları yarada bilər.

Yəmən, Səudiyyə Ərəbistanı, Körfəz ölkələri, İraq və Suriyada, eləcə də Hizbullahın təsir dairəsində olan ərazilərdə yaşayan şiələrin ABŞ-nin obyektlərini hədəfə ala biləcəyi iddia olunur. Buna görə də ABŞ Sistaninin mümkün cihad fətvasının qarşısını almağa çalışır.

Sistani kifayət qədər güclü və nüfuzlu dini liderdir. Onun verəcəyi fətva İranda hakimiyyət əleyhinə etirazları yatıra və diqqəti ABŞ-yə qarşı yönəldə bilər. Bu səbəbdən ABŞ-nin Sistani ilə müəyyən anlaşma əldə etməyə çalışdığı bildirilir. Düşünürəm ki, Sistani buna getməyəcək, lakin müəyyən razılaşmaların mümkünlüyü istisna edilmir”.

Atilla Rzasoy

Chosen
21
nocomment.az

1Sources