EN

Almaniyada ictimai nəqliyyat işçiləri ikigünlük xəbərdarlıq tətili elan ediblər

Berlin, 24 fevral, AZƏRTAC

Almaniyada xidmət sektorunda çalışan işçilərin həmkarlar ittifaqı təşkilatı (Ver.di) fevralın 27-də və 28-də ictimai nəqliyyatın hərəkətini xəbərdarlıq tətili ilə dayandırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, ölkənin demək olar ki, bütün federal əyalətlərində nəqliyyatın hərəkatı dayandırılacaq, avtobuslar, tramvaylar və metro qatarları depolardan çıxmayacaq.

Tətil Berlini, Münxen də daxil olmaqla Bavariyada 13 şəhəri, habelə Hessen əyalətində bir neçə şəhəri, o cümlədən Frankfurt, Visbaden, Kassel və s. əhatə edəcək.

“Ver.di”nin bu qərarı ölkə üzrə təxminən 100 minə yaxın işçi üçün aparılan tarif danışıqları ilə bağlıdır. Təşkilat bu addımla ictimai nəqliyyatda davam edən tarif mübahisəsində təzyiqi artırmağa çalışır. Əsas tələblərə həftəlik iş saatlarının azaldılması, növbəli iş rejimində dəyişikliklər, gecə və həftəsonu işlərinə görə əlavələrin artırılması daxildir.

Fevralın 2-də ölkə miqyasında keçirilən ilk xəbərdarlıq tətili də ictimai nəqliyyatın hərəkətini 24 saat ərzində iflic etmişdi.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
1
1
azertag.az

2Sources