EN

Ədəbiyyat Muzeyində elmi sessiya: “Xocalının kəsilməyən harayı”

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalının kəsilməyən harayı” mövzusunda elmi sessiya keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri açan muzeyin direktoru akademik Rafael Hüseynov 1992-ci ilin fevralında törədilmiş Xocalı faciəsinin miqyasından, dəhşətli nəticələrindən, siyasi və hüquqi mahiyyətindən danışıb. O, Xocalı soyqırımının 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu bildirib, bu faciənin insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu vurğulayıb.

Akademik Rafael Hüseynov qeyd edib ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. İnsanların xüsusi amansızlıqla qətlə yetirilməsi bu hadisənin qəddarcasına təşkil edildiyini sübut edir. Onlar sadəcə azərbaycanlı olduqları, Xocalıda, Qarabağda yaşadıqları üçün öldürülüblər.

Muzeyin direktoru bildirib ki, bu dəhşətli soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib.

Akademik çıxışında Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə hər zaman mühüm yer tutduğunu vurğulayıb.

O, həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətindən danışıb.

Akademik Rafael Hüseynov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu, Qarabağın digər bölgələri kimi Xocalının da işğaldan azad edildiyini, şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.

Elmi sessiyada “Poeziyada Xocalı reallığının əksi”, “Qarabağ uğrunda müharibənin gerçəkləri Əlisəfa Azayev nəsrində” mövzularında məruzələr dinlənilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
azertag.az

1Sources