EN

Gürcü deputat: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı qarşılıqlı etimada və ortaq baxışlara əsaslanır

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı nəqliyyat, enerji sahələrindəki əməkdaşlığımız uğurla və ardıcıl şəkildə davam edir. Hər üç ölkə arasında formalaşmış strateji tərəfdaşlıq artıq regionun əsas dayaq sütunlarından birinə çevrilib. Bu əməkdaşlıq yalnız iqtisadi maraqlara deyil, eyni zamanda, qarşılıqlı etimada və ortaq baxışlara əsaslanır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədr müavini İrakli Şatakişvili deyib.

“Biz çoxtərəfli formatda mühüm infrastruktur layihələrini birgə həyata keçiririk. Bu layihələr regionda sülhün və sabitliyin möhkəmlənməsinə, eləcə də ölkələrimizin beynəlxalq arenadakı nüfuzunun və reytinqinin artmasına xidmət edir.

Parlamentlərarası əməkdaşlıq isə bütün bu proseslərə siyasi və institusional dəstək verməlidir. Qanunverici orqanlar arasında koordinasiya, təcrübə mübadiləsi və birgə təşəbbüslər qəbul edilən qərarların səmərəli icrasını təmin edə, uzunmüddətli strateji hədəflərə nail olunmasına əlavə töhfə verə bilər.

Bir sözlə, üç ölkə arasında mövcud olan əməkdaşlıq modeli qarşılıqlı faydaya əsaslanan uğurlu regional tərəfdaşlıq nümunəsidir və gələcəkdə daha da genişlənmək potensialına malikdir”, - deyə deputat bildirib.

Chosen
27
3
azertag.az

4Sources