Rusiya iki əsr Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edib. Lakin Kreml keçən müddət ərzində ilk dəfədir ki, regionda bu qədər zəifləmiş və təsir imkanları minimallaşdırılışmış vəziyyətdədir. Siyasətdə təsadüf deyilən anlayış yoxdur və Rusiyanın bölgədə zəifləməsinin də bəlli qanununauyğunluqları mövcuddur. Artıq Cənubi Qafqazda heç bir xalq (kiçik istisnaları çıxmaq şərtilə) müharibələrin olmasını istəmir. Rusiya isə birmənalı şəkildə məhz müharibələrdən, müharibələr fonunda yaranan mürəkkəb geosiyasi dinamikadan yararlanaraq regionda öz təsir mexanizmlərini formalaşdırmışdı. Təbii ki, Cənubi Qafqazda baş verən radikal dəyişikliklərin kökündə Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi tarixi və strateji əhəmiyyətli qələbə dayanır. İkinci Qarabağ müharibəsinin müsbət nəticələri regionda yeni geosiyasi reallıqlar formalaşdırdı ki, Rusiyanın mövcud dinamika ilə ayaqlaşmaq potensialı yox idi. Göründüyü kimi, proses zərgər dəqiqliyi ilə həyata keçirilir. 8 Avqust Vaşinqton razılaşmaları yeni qlobal geostrateji bölgüdə nəinki Cənubi Qafqazın, daha geniş spektrdə Transxəzər regionunun həyatında köklü dəyişikliklərin təməl daşı oldu. Moskva isə məhz köhnəlmiş imperiya narrativlərinin tozu içində bu proseslərdən kənar qaldı. İndi də Rusiya tərəfindən ölkəmizə qarşı, xüsusilə, son dövrlər hibrid təhdidlərin artdığının şahidi oluruq. Bunlar əslində məndə burada varam nidalarından ötə bir şey deyil. Məqsəd Rusiyanı kiçiltmək və yaxud onun varlığını heçə saymaq deyil. Reallıq ondan ibarətdir ki, Rusiya Cənubi Qafqazda müasir siyasi, iqtisadi çağırışları reallaşdırmaq gücündə olan bir dövlət deyil. Onların məhz Orta Dəhliz kimi qlobal iqtisadi layihənin təşəbbüskarı kimi çıxış etmək imkanı yoxdur. Bunlardan fərqli olaraq Azərbaycan ABŞ və Çinlə kifayət qədər sağlam münasibətlər portfeli formalaşdırıb ki, hər iki ölkə bölgədəki mövcud siyasi-iqtisadi dinamikanı dəstəkləyir və təşəbbüskarlıq nümayiş etdirir. Bu səbəbdən Kremlin aqressiv ritorika sərgiləməkdən ötə bir yolu yoxdur. Rusiya istəyir ki, Ermənistanda qarşıdan gələn parlament seçkilərində radikal müxalifət qalib gəlsin və Azərbaycanla sülh gündəliyi sual altına düşsün. Bunun üçün müxalifət və kilsə birliyini tətiklədiyinin də şahidi oluruq. Ancaq cənab Prezident İlham Əliyevin və Baş Nikol Paşinyanın beynəlxalq tədbirlər əsnasında keçirdiyi görüşlər, Bakının Ermənistana iqtisadi mənada jestləri Rusiyanın planlarına mənfi təsir edir. Paralel olaraq da Vensin regiona səfəri, yeni administrasiyasının təmasları ABŞ - ın Cənubi Qafqazla bağlı maraqlarını açıq şəkildə əks etdirdi. Bütün bunlar onu deməyə əsas verir ki, Cənubi Qafqaz Rusiyadan kənar yeni bir siyasi nizama yelkən açır və bu yolun perspektivləri hər kəs üçün faydalıdır.
Pərviz Mirizadə, siyasi şərhçi