EN

Türk professor: Xocalıda baş verən qanlı hadisələr unudula bilməz

Ankara, 24 fevral, AZƏRTAC

Xocalıda baş verən qanlı hadisələr unudula bilməz. Soyqırımı aktlarını unutmaq yüzlərlə günahsız şəhidin xatirəsinə xəyanət etmək, yeni vəhşilik və cinayətlərə yol açmaq deməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikri Ankaradakı Hacı Bayram Vəli Universitetinin professoru Esma Özdaşlı səsləndirib. Alim Bosniya və Herseqovinanın ilk prezidenti Aliya İzetbeqoviçin “Unudulan soyqırım təkrarlanır” sözlərini xatırladıb. Onun sözlərinə görə, türk xalqları öz tarixində baş vermiş faciəli hadisələri unutmamış olsaydı, bəlkə də, Xocalı soyqırımı törədilməzdi.

Professor Balkan müharibələri zamanı milyonlarla etnik türkün cinayətlərə məruz qaldığını, həmçinin Krit adasındakı türk icmasının faciəli taleyini nümunə göstərib.

O bildirib ki, 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin müdaxiləsi nəticəsində xilas edilən kiprli türklərə qarşı təzyiqlər də unudulmamalıdır: “Biz bunları qisas naminə deyil, bir daha təkrarlanmaması üçün xatırlamalıyıq. Türk gənc nəsli əcdadlarının yaşadığı faciələr barədə daha məlumatlı olsaydı, yeni qanlı cinayətlər törədilməzdi”.

E.Özdaşlı qeyd edib ki, Xocalıda ermənilər tərəfindən törədilmiş qanlı əməllər BMT-nin “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 1948-ci il Konvensiyasında nəzərdə tutulan “soyqırım aktı” anlayışının bütün meyarlarına uyğundur.

O, 1992-ci ilin fevralında jurnalistlər, o cümlədən Çingiz Mustafayev tərəfindən lentə alınmış Xocalı soyqırımına dair çoxsaylı videogörüntüləri xatırladıb.

“Xocalıda törədilən vəhşiliklər bu qəbildən olan ilk cinayət deyil. Birinci Dünya müharibəsi dövründə Anadoluda fəaliyyət göstərmiş erməni silahlı dəstələrinin törətdiyi oxşar vəhşiliklər arxiv sənədlərində əksini tapıb”, - deyə professor söyləyib. O vurğulayıb ki, Türkiyə və Azərbaycanın düşmənləri xalqlarımız arasında fərq qoymur.

E.Özdaşlı, həmçinin ASALA kimi erməni terror təşkilatlarının qurbanlarını da xatırladıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Chosen
12
1
azertag.az

2Sources