Nazirlər Kabineti bir sıra mühüm normativ hüquqi aktlarda dəyişiklik edib. Qərarlar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.
Dəyişikliklər dövlət borcu və büdcə ssudalarının qaytarılması, gömrük ödənişlərinin tənzimlənməsi, eləcə də mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ilə bağlı qaydalara aiddir və bir neçə sahədə yeni hüquqi mexanizmlərin tətbiqini nəzərdə tutur.
Belə ki, Nazirlər Kabinetinin 10 aprel 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”na edilən dəyişikliklərə əsasən, dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə verilən büdcə ssudaları büdcə ili ərzində qaytarılmadığı halda, həmin borcların bağlanılması üçün Təminat Fondunun vəsaitindən istifadə edilə biləcək.
Məsələ ilə bağlı NOCOMMENT.az -a danışan hüquqşünas Nərgiz Sərdarovanın sözlərinə görə, bu dəyişiklik dövlətin maliyyə risklərini azaltmaq və büdcə intizamını gücləndirmək məqsədi daşıyır. Onun fikrincə, büdcə vəsaitlərinin vaxtında geri qaytarılmaması dövlət maliyyəsində boşluqlar yaradırdı və yeni mexanizm bu problemlərin qarşısının alınmasına xidmət edir. Eyni zamanda, Maliyyə Nazirliyinə əlavə səlahiyyətlərin verilməsi büdcə borclarının daha operativ şəkildə tənzimlənməsinə imkan yaradacaq: “Digər dəyişiklik Nazirlər Kabinetinin 7 may 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası”na edilib. Yeni qaydalara əsasən, gömrük ödənişləri üzrə borcu olan şəxslər və ya Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminat üsullarından istifadə edən şəxslər bu öhdəlikləri özləri və ya təminat verən şəxslər vasitəsilə ödəyə biləcəklər. Həmçinin, fiziki şəxslərin kommersiya məqsədi daşımayan malları gömrük sərhədindən keçirməsi zamanı yaranan ödənişlər də eyni qaydada tənzimlənəcək”.

Hüquqşünas bildirir ki, bu dəyişiklik gömrük sahəsində şəffaflığın artırılmasına və borcların yığılmasının asanlaşdırılmasına yönəlib. Onun fikrincə, yeni mexanizm gömrük ödənişlərindən yayınma hallarının qarşısını almağa, həmçinin sahibkarlar və vətəndaşlar üçün hüquqi məsuliyyəti daha aydın şəkildə müəyyən etməyə imkan verəcək: “Eyni zamanda, Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na da dəyişiklik edilib. Yeni qərara əsasən, siyahı genişləndirilib və əlavə obyektlər mühafizə olunan obyektlər sırasına daxil edilib. Bu dəyişiklik ölkənin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edir ki, strateji və həyati əhəmiyyətli obyektlərin siyahısının genişləndirilməsi fövqəladə halların qarşısının alınması, infrastrukturun qorunması və dövlət təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədi daşıyır”.
Ümumilikdə, hüquqşünas hesab edir ki, qəbul edilən dəyişikliklər dövlət idarəçiliyində maliyyə intizamının gücləndirilməsinə, gömrük sahəsində nəzarətin artırılmasına və mühüm obyektlərin daha etibarlı mühafizəsinə xidmət edir. Onun fikrincə, bu qərarlar həm dövlət strukturlarının fəaliyyətinin səmərəliliyini artıracaq, həm də hüquqi münasibətlərin daha şəffaf və sistemli şəkildə tənzimlənməsinə şərait yaradacaq.
Qeyd edək ki, yeni dəyişikliklər qüvvəyə mindikdən sonra müvafiq dövlət qurumları tərəfindən icra olunacaq və onların tətbiqi üzərində nəzarət gücləndiriləcək.
Sara