EN

Macarıstanda qlobal miqyasda ailəyönümlü əməkdaşlığın əhəmiyyəti müzakirə olunub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Budapeşt, 24 fevral, AZƏRTAC

Fevralın 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Macarıstan Respublikasına işgüzar səfəri çərçivəsində Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Macarıstan Ailə Tərəfdarları Sammiti” adlı beynəlxalq konfransda iştirak edib.

AZƏRTAC xəbər verir ki, sammit çərçivəsində keçirilən “Qlobal miqyasda ailəyönümlü əməkdaşlığın əhəmiyyəti” adlı panel iclasında çıxış edən komitə sədri Macarıstan tərəfinə təşəkkürünü bildirib və ailə institutunun dövlətlərin strateji sabitliyi və milli təhlükəsizliyi üçün fundamental əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, demoqrafik azalma, nikahların gecikməsi, miqrasiya, iqtisadi qeyri-sabitlik və müharibələr ailənin davamlılığına təsir göstərir, rəqəmsal transformasiya isə həm imkanlar, həm də yeni risklər yaradır. Bu baxımdan ailəyönümlü beynəlxalq əməkdaşlığın gücləndirilməsi zəruridir.

Bildirilib ki, Azərbaycanda ailə cəmiyyətin əsası kimi qiymətləndirilir və bu yanaşma “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişaf Strategiyası”, Dayanıqlı İnkişaf Məqsədləri və “Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da prioritet kimi əksini tapıb. B.Muradova vurğulayıb ki, pronatalitet siyasətin məqsədi yalnız statistik artım deyil, sağlam və rifahlı ailələrin formalaşdırılmasıdır: “Bu istiqamətdə sosial müdafiə mexanizmləri, gənc ailələr üçün mənzil və ipoteka proqramları, özünüməşğulluq layihələri, Uşaq və Ailələrə Dəstək Mərkəzləri və himayədar ailə modeli tətbiq olunur, həmçinin “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı” yaradılıb”.

Azərbaycanın ailə siyasətində çoxtərəfli əməkdaşlığa önəm verdiyini qeyd edən sədr, 2023-cü ildə Bakıda Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarına dair ilk konfransın keçirildiyini, ötən il isə Laçında ECO-nun Qadınlar Forumunun təşkil olunduğunu diqqətə çatdırıb.

Bundan əlavə, Türk Dövlətləri Təşkilatı çərçivəsində ailə və sosial siyasət nazirlərinin iclaslarının ötən il Bakıda keçirildiyi, cari ildə isə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində yaradılmış Qadınlar Şurasının ilk iclasının Bakıda keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırıb.

Sonda B.Muradova Azərbaycanın multikultural və çoxkonfessiyalı cəmiyyət kimi ailə münasibətlərində qarşılıqlı hörmət və tolerantlıq modelini qoruyub saxladığını qeyd edib, ailə siyasətinin iqtisadi, sosial müdafiə, gender bərabərliyi və insan hüquqları sahələri ilə vəhdətdə həyata keçirildiyini bildirib və bütün tərəfdaş ölkələrlə açıq və səmimi əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Konfrans “Ailə dəyərlərinin qorunması-çağırışlar və məsuliyyətlər” adlı ikinci panel iclası ilə davam edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
azertag.az

1Sources