EN

Rejissor: “Üç faciə - bir ağrı” sənədli filmi Xocalını beynəlxalq kontekstdə təqdim edir

Bakı, 24 fevral, Günel Alıyeva, foto Səfiyar Məcnun, AZƏRTAC

“Üç faciə - bir ağrı” sənədli filmi üç böyük tarixi faciədən bəhs edir və çəkilişlər üç fərqli ölkədə aparılıb. Prosesin ən çətin mərhələsi məhz bu ölkələrə səfərlərin təşkili, lazımi icazələrin alınması və çəkilişlərin koordinasiyası olub. Xüsusilə Bosniyaya səfər, arxiv materiallarına çıxış əldə edilməsi, canlı şahidlərin tapılması və müsahibələrin təşkili kifayət qədər uzun və mürəkkəb bir mərhələ təşkil edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında sənədli filmin quruluşçu rejissoru Məzahir Həşimov bildirib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi müxtəlif dövrlərdə və fərqli coğrafiyalarda baş vermiş bu faciələr arasında paralel aparmaqla beynəlxalq ədalət meyarına diqqət çəkməkdir.

“Əgər dünyada ədalət tərəzisi deyilən bir anlayış varsa və o tərəzinin bir gözünə digər xalqların yaşadığı faciələr qoyulursa, digər gözündə də Xocalı olmalıdır. Yalnız bu halda Xocalı faciəsinin miqyası və ağırlığı dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırıla bilər”, — deyə rejissor vurğulayıb.

M.Həşimov qeyd edib ki, Xocalı faciəsi ilə bağlı indiyədək çoxsaylı bədii və sənədli filmlər çəkilib. Lakin bu ekran işində beynəlxalq paralellər xüsusi dramaturji xətt üzərində qurularaq təqdim olunub.

“Biz üç faciəni vahid konsepsiya çərçivəsində birləşdirərək ümumi ağrının dəyişməyən mahiyyətini göstərməyə çalışdıq”, — deyə o əlavə edib.

Chosen
17
1
azertag.az

2Sources