EN

Qurban Qurbanov: “Ən böyük təcrübə İngiltərə klublarına qarşı oldu”

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl” – “Qarabağ” (3:2) oyunundan sonra Azərbaycan klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə konfransı keçirilib.

Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

“Futbolçularıma təşəkkür etmək istəyirəm. Çünki Çempionlar Liqasında uzun və maraqlı mövsüm keçirdilər. Göstərdikləri oyuna, performansa, xarakterə görə hər birindən çox razıyam. “Nyukasl”la bugünkü matçda da özlərini maksimum dərəcədə yaxşı tərəfdən göstərdilər. Görüşün startında iki qol buraxsaq da, komanda toparlanmağı bacardı və sona kimi mübarizədən qopmadı. Fürsətdən istifadə edərək “Nyukasl” azarkeşlərinə də təşəkkür edirəm. Yaxşı hücumlarımıza, vurduğumuz qola görə əl çalır, bəzən bizə də azarkeşlik edirdilər. Həmçinin bu mövsüm bizimlə olan, komandamızı sona kimi dəstəkləyən azarkeşlərimizə də təşəkkürümü bildirirəm. Biz də onları sevindirməyə çalışdıq”.

Baş məşqçi bu mövsüm Çempionlar Liqasında yaxşı təcrübə qazandıqlarını söyləyib: “Hər oyun bizim üçün böyük təcrübə oldu. Liqa mərhələsində fərqli oyun sistemində çıxış edən böyük klublara qarşı oynadıq. Ancaq bizim üçün ən böyük təcrübə İngiltərə klublarına qarşı oyunlar oldu. İngilis futbolu Avropada çox fərqlənir. Əlbəttə ki, daha yaxşı oyunlar keçirməyimizi istərdim. Ancaq düşünürəm ki, özümüzü mümkün qədər yaxşı tərəfdən göstərməyi bacardıq. Futbolçular fiziki və psixoloji cəhətdən çox yoruldular. Buna baxmayaraq, qarşımıza qoyduğumuz məqsəd maksimum dərəcədə irəli getməkdir. Qısa müddətdə toparlanmalı və daha uğurlu iş görmək üçün düşünməliyik”.

Chosen
2
4
msport.az

5Sources