EN

Aİ Macarıstandakı seçkilərdən sonra Rusiya neftinin idxalına tam qadağa təklif etməyi planlaşdırır

Budapeşt, 25 fevral, AZƏRTAC

Avropa Komissiyası bu il aprelin 15-də — Macarıstanda keçiriləcək parlament seçkilərindən üç gün sonra Rusiya neftinin idxalına tam qadağa ilə bağlı təklif təqdim etməyi planlaşdırır.

Bu barədə AZƏRTAC Aİ mənbələrinə və jurnalistlərin tanış olduğu sənədlərə istinadla xəbər verir.

Diplomatik mənbələrin məlumatına görə, seçilmiş tarix Brüsselin Rusiya neftinə qadağa məsələsinin Macarıstanda seçkiqabağı kampaniyanın əsas mövzusuna çevrilməsinin qarşısını almaq istəyi ilə əlaqələndirilir.

Qeyd olunur ki, Macarıstan və Slovakiya Rusiyadan əhəmiyyətli həcmdə neft idxalını davam etdirir və bu kimi məhdudiyyətlərə qarşı çıxırlar.

Əlavə amil kimi “Drujba” neft kəməri ətrafındakı vəziyyət göstərilir. Macarıstan və Slovakiya istiqamətində neft tədarükü infrastrukturun zədələnməsi səbəbindən dayandırılıb, onun tam bərpa müddəti isə hələlik qeyri-müəyyəndir.

Aİ vurğulayır ki, təşəbbüs Rusiyanın enerji resurslarından asılılığın tam aradan qaldırılmasına yönəlib və bu addım ittifaqın enerji siyasətində mühüm mərhələ ola bilər.

 
Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Chosen
29
2
azertag.az

3Sources