BAKI, 25 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Konqresdə “Ölkənin vəziyyəti” ilə bağlı çıxışında iqtisadi göstəriciləri tərifləyib və bunu aralıq seçkilər ərəfəsində administrasiyasının “yenidən startı” kimi təqdim etməyə çalışıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Tramp çıxışının ilk saatını əsasən iqtisadiyyata həsr edib, inflyasiyanı cilovladığını, fond bazarını rekord səviyyələrə qaldırdığını, genişmiqyaslı vergi endirimləri imzaladığını və dərman qiymətlərini aşağı saldığını bildirib. O, ölkənin daha böyük, daha güclü və daha varlı olduğunu deyib. Respublikaçıların alqışları fonunda demokratlar isə çıxışı sakitliklə izləyiblər.
Agentlik yazır ki, prezidentin reytinqi aşağı düşdüyü, İrana dair narahatlıqların artdığı və amerikalıların yaşayış xərclərinin yüksəkliyindən narazı olduğu bir vaxtda bu çıxış Tramp üçün mühüm siyasi məqam sayılır. Tramp inflyasiyanın “sürətlə azaldığını” desə də, ərzaq, mənzil, sığorta və kommunal xidmətlərin qiymətləri hələ də bir neçə il əvvəlki səviyyədən xeyli yüksəkdir. Son statistik məlumatlar isə iqtisadi artımın gözləniləndən zəif, inflyasiyanın isə daha sürətli olduğunu göstərib.
Qeyd olunur ki, Tramp bu dəfə qeyri-adi şəkildə çıxış mətninə sadiq qalıb və adətən etdiyi improvizələrdən qaçıb. O, bəzi hallarda sələfi Co Baydeni və demokratları tənqid etsə də, Ali Məhkəmənin onun əsas tarif siyasətini ləğv edən qərarı ilə bağlı sərt ritorikadan yayınaraq qərarı sadəcə “təəssüf doğuran” adlandırıb.
Çıxışın gedişində isə demokratlarla qarşıdurma güclənib. Tramp miqrasiya mövzusuna toxunaraq sərt ritorikasını təkrarlayıb və demokratları Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsinə mane olmaqda ittiham edib. Demokrat konqresmen İlhan Ömər onun ünvanına “Siz amerikalıları öldürmüsünüz” deyə səslənib.
Bundan başqa, konqresmen El Qrin Trampın bu ay paylaşdığı və Barak Obama ilə Mişel Obamanı təhqiredici formada göstərən videoya etiraz olaraq plakat qaldırdığı üçün zalı tərk etməyə məcbur edilib. Digər demokratlar da müxtəlif simvolik etiraz aksiyaları ilə çıxışa münasibətlərini bildiriblər. Təxminən 40-dan çox demokrat qanunverici isə çıxışa ümumiyyətlə qatılmayaraq kənarda etiraz aksiyalarına üstünlük verib.