EN

Ən ölümcül 10 virus

Bəzi viruslar milyonlarla insanı yoluxdurur, lakin ölüm halları nisbətən az olur. Digərləri isə daha məhdud miqyasda yayılır, amma yoluxanlar üçün xeyli yüksək ölüm riski yaradır.

AZƏRTAC xəbər verir ki, bu icmalda xəstələnənlər arasında ölənlərin payını göstərən letallıq göstəricisinə əsasən ən təhlükəli 10 virus təqdim olunur.

Siyahının mütləq “lideri” quduzluqdur: simptomlar meydana çıxdıqdan sonra ölüm ehtimalı 100 faizə yaxınlaşır.

Vizual material üçün məlumatlar müxtəlif mənbələrdən, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatından (ÜST), Britaniya Kolumbiyası Xəstəliklərə Nəzarət Mərkəzindən, Avstraliya hökumətindən, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzindən və Böyük Britaniya hökumətindən toplanıb.

Quduzluq hər il əsasən Afrika və Cənub-Şərqi Asiya ölkələrində təxminən 59 min insanın həyatına son qoyur. Virus əsasən yoluxmuş heyvanların — daha çox itlərin tüpürcəyi vasitəsilə ötürülür. Effektiv peyvənd mövcud olsa da, quduzluq hələ də minlərlə ölüm halına səbəb olur. Bunun başlıca səbəbi təmasdan sonrakı profilaktik tədbir və vaxtında müalicə imkanının məhdud olmasıdır.

Siyahıya daxil olan bir neçə virus isə virus mənşəli hemorragik qızdırmalar törədir. Bunlara Ebola, Marburq və Konqo–Krım hemorragik qızdırması daxildir. Bu xəstəliklər çox vaxt ağır daxili qanaxmalar və orqanların fəaliyyətinin dayanması ilə müşayiət olunur.

Ebola və Marburq viruslarında letallıq səviyyəsi təxminən 50 faizə çatır. Xəstəliyin yayılması əsasən Mərkəzi və Saxara ətrafı Afrika ölkələrində qeydə alınır. 2014–2016-cı illərdə Qərbi Afrikada baş vermiş Ebola epidemiyası 11 mindən çox insanın həyatına son qoyub və epidemiyaya hazırlıq məsələlərini qlobal səviyyədə gündəmə gətirib.

Əsasən gənələr və kənd təsərrüfatı heyvanları vasitəsilə ötürülən Konqo–Krım hemorragik qızdırması Avrasiya və Afrikada daha geniş yayılıb. Letallıq səviyyəsi 10–40 faiz arasında dəyişən bu xəstəlik hər il 1–2 min nəfərin ölümünə səbəb olur.

Reytinqdə yer alan virusların əksəriyyəti zoonoz mənşəlidir. Meyvə ilə qidalanan yarasalar Nipah və Marburq viruslarının təbii rezervuarı hesab olunur, gəmiricilər Luxo virusunun daşıyıcılarıdırlar, birhürgüclü dəvələr isə 2012-ci ildə Səudiyyə Ərəbistanında ilk dəfə aşkarlanan MERS-CoV-un əsas mənbəyidir.

Quş qripi (H5N1) yoluxmuş quşlardan insana keçir. İnsanlarda təsdiqlənmiş yoluxma hallarında ölüm göstəricisi təxminən 50 faizdir. Bu, mövsümi qriplə müqayisədə xeyli yüksəkdir.

İnsanların bu virusa yoluxma halları nisbətən az qeydə alınsa da, yüksək ölüm faizi dünya səhiyyə qurumlarını daim gücləndirilmiş hazırlıq vəziyyətində saxlayır.

Chosen
13
2
azerbaijan-news.az

3Sources