"Harri, sən təkcə Vətəninə, yaxınlarına deyil, yüksəliş illərində - Heydər Əliyevin başçılığı ilə səmimi şəkildə yanında olan hər kəsə xəyanət etdin!"...

Ramiz Yunus,
Politoloq, Xəzər Universitetinin professoru
Elə hadisələr var ki, tarix onları soyuqqanlı şəkildə qiymətləndirir. Elə addımlar da var ki, onlar siyasətlə deyil, mənəviyyatla ölçülür. Elə qələbələr var ki, bir insana məxsusdur, elə qələbələr də var ki, onların arxasında bütöv bir dövlət dayanır.
Harri Kasparovun yüksəliş tarixi təkcə fövqəladə şahmat istedadının hekayəsi deyil. Bu, həlledici məqamda bütün siyasi çəkisini, dövlət resursunu və şəxsi nüfuzunu - Heydər Əliyevin simasında onun arxasına qoymuş Azərbaycanın tarixidir. Və bunu heç vaxt unutmaq olmaz.
Mən bu yazını kənardan müşahidəçi kimi yox, Kasparovun şahmat Olimpinin zirvəsinə yüksəlişinin canlı şahidi kimi qələmə alıram. Uzaq gənclik illərində məni Harri ilə onun doğma əmisi - Azərbaycanda tanınmış bəstəkar, yüksək mədəniyyət və ləyaqət sahibi Leonid Vaynşteyn tanış etmişdi. Leonid Moiseyeviçlə məni onun 1994-cü ildə vəfatınadək yaxın münasibətlər bağlayırdı. Mən Kasparovun Karpovla əfsanəvi görüşləri zamanı onun dəstək qrupunun tərkibində olmuşam. Hazırlıq mərhələsində - əvvəl iddiaçı olduğu vaxt, sonra isə dünya çempionu olanda birlikdə futbol oynamışıq. Mən onun yüksəlişinin şahidiyəm və buna görə danışmağa haqqım var. Mən təkcə taxta və fiqurları yox, atmosferi, təzyiqi, pərdəarxası söhbətləri görmüşəm və zirvəyə aparan yolun nə qədər kövrək olduğunu anlayırdım.

Sovet İttifaqında şahmat sadəcə idman deyildi. Bu, ideologiya idi. 1980-ci illərin əvvəllərində Anatoli Karpov sistemin simvolu idi - rahat, ölçülüb-biçilmiş, aparat maşını tərəfindən dəstəklənən fiqur. Bakıdan olan gənc və cəsarətli iddiaçı Harri Kasparov isə nomenklaturanın bir çox nümayəndələri tərəfindən mövcud düzənə çağırış kimi qəbul edilirdi. O dövrün SSRİ mədəniyyət naziri Pyotr Dəmiçev şahmata kuratorluq edirdi və aparatın inertliyi obyektiv olaraq hazırkı çempion Karpovun xeyrinə işləyirdi. Yeni iddiaçının meydana çıxması sistem tərəfindən çağırış kimi qarşılanırdı. 1984–85-ci illərdə Karpovla Kasparov arasında keçirilən dünya çempionatı matçı zamanı Moskva hakimiyyət dəhlizlərində müxtəlif düşərgələr mövcud idi. Bu, təkcə idman mübarizəsi deyildi - siyasi mübarizə idi.

Burada Heydər Əliyevin adını çəkməmək mümkün deyil. O, həm Kasparovun taleyində, həm də həmin matçın gedişində həlledici rol oynamışdı. Heydər Əliyevin rolu epizodik yox, sistemli idi. Sov.İKP MK Siyasi Bürosunun üzvü, ittifaq rəhbərliyinin ən nüfuzlu simalarından biri kimi o, gənc həmyerlisinə sadəcə rəğbət göstərməklə kifayətlənmədi. O, Kasparova siyasi himayə təmin etdi. Bu isə real hazırlıq şəraiti, təhlükəsizlik və aparat maşını tərəfindən əzilməmək imkanı demək idi. Bakının yaxınlığındakı Zaqulba hökumət bağında Harri üçün həyatının ən mühüm sınağına hazırlaşmaq üçün şərait yaradılmışdı. Bu, sadəcə jest deyildi - bu, Azərbaycanın dövlət dəstəyi idi.
1984-cü ildə dünya çempionatı matçı 8 ağır partiyadan sonra hesab 5:3 Karpovun xeyrinə olarkən dayandırıldı. Söhbət təkcə şahmatçıların sağlamlığından getmirdi. Söhbət iddiaçının gələcəyindən gedirdi. Başlanğıcdakı ardıcıl beş məğlubiyyət, psixoloji təzyiq, mətbuatda dərc olunan yazılar, sistemin sənin üzərinə yox, rəqibinə stavka etməsi hissi - belə vəziyyətdə Kasparovun karyerası bitə bilərdi. Lakin Heydər Əliyevin nüfuzu siyasi əks-çəkiyə çevrildi və mövzunun bağlanmasına, iddiaçının sıradan çıxarılmasına imkan vermədi. Tarixi yenidən yazmağa cəhd etmək olar. Amma tarix inadkardır: həlledici məqamda gənc bakılı şahmatçının arxasında təkcə istedad yox, Heydər Əliyevin dövlət iradəsi dayanırdı.

1985-ci ildə 24 partiyadan ibarət yeni matç keçirildi. Hər partiya döyüş idi. Nəticədə Kasparov 13:11 hesabı ilə qələbə qazandı və 22 yaşında dünya çempionu oldu. Bu, Azərbaycanın öz qələbəsi kimi qəbul etdiyi triumf idi. Ardınca 1986-cı ildə London və Leninqradda revanş matçları, 1987-ci ildə isə Sevilyada titulun taleyinin son - 24-cü partiyada həll olunduğu dramatik qarşılaşma gəldi. Heç-heçə və titul yenidən qorundu. Bu, əsəblər, gərginlik və sonsuz mübarizə dövrü idi. Həmin illərdə Kasparov sistemə qarşı tək deyildi. Taxta arxasında - bəli, o tək mübarizə aparırdı. Amma taxtadan kənarda onun arxasında Heydər Əliyev və bütün Azərbaycan dayanmışdı.
1985-ci ildə dünya çempionu olduqdan sonra Harri Kasparov Bakıya qəhrəman kimi qayıtdı. Şəhərin mərkəzində mənzil, hökumət bağı, status və hörmət. Onu səmimi şəkildə sevirdilər, çünki o, ölkəni və Bakını dünyaya təmsil edirdi. O, Azərbaycanın simvolu idi. Kasparov özü dəfələrlə Heydər Əliyevin taleyindəki böyük rolundan açıq şəkildə danışmışdı. Bu, o vaxt təbii səslənən təşəkkür sözləri idi.

Sonra Ermənistanla Azərbaycan arasında Qarabağ uğrunda müharibə başladı və bu, hər iki xalq üçün böyük faciəyə çevrildi. Münaqişənin başlanğıcında Azərbaycan rəhbərliyi Kasparov və ailəsinin təxliyəsi üçün mülki təyyarə ayırmışdı. Xüsusilə vurğulamaq lazımdır ki, Moskvada 1993-cü ilə qədər Kasparov ailəsi ilə birlikdə məişət məsələləri həll olunana qədər Azərbaycanın daimi nümayəndəliyində yaşamışdı. Ağır sınaqlar dövrünə qədəm qoymuş Azərbaycan ondan üz döndərmədi, onu özününkü saymaqda davam etdi. Bu, silinməsi mümkün olmayan faktdır.
Və məhz burada mənim üçün mənəvi dönüş nöqtəsi başlayır. Birinci Qarabağ müharibəsi dövründə Kasparov münaqişədən məsafə saxlamağa üstünlük verirdi, çox vaxt susqunluq və ehtiyatlı mövqe seçirdi - bunu anlamaq olardı.
Lakin illər sonra, İkinci Qarabağ müharibəsi zamanı onun açıq bəyanatları Azərbaycana qarşı kəskin tənqidi xarakter aldı. O, Bakıda bir çoxlarının birtərəfli və ədalətsiz - açıq desək, xəyanətkar kimi qəbul etdiyi mövqe tutdu. Məhz o vaxt Azərbaycanda bir çoxları üçün Kasparovun obrazı kəskin şəkildə dəyişdi.
Ən ağırı baxış fərqi deyil. Hər kəsin mövqeyə haqqı var. Ən ağırı budur ki, bəzən insani minnətdarlıq siyasi konjonkturadan zəif, yaddaş isə ambisiyalardan qısa olur. Zaman keçdikcə Kasparovun Qarabağ məsələsi ilə bağlı açıqlamaları Azərbaycan və onun rəhbərliyinə qarşı daha sərtləşdi və bir çoxları üçün bu, onu zirvəyə aparmış torpaqla bağın qopması kimi səsləndi.
Bu gün Kasparov Ukraynanın müstəqillik və ərazi bütövlüyü hüququ barədə yüksək və emosional danışır. Burada istər-istəməz sual yaranır: əgər suverenlik prinsipi müqəddəsdirsə, o, universal deyilmi? Əgər ərazi bütövlüyü şərtsiz dəyərdirsə, o, seçici ola bilməz. Prinsip coğrafi olmur. O ya hər yerdə keçərlidir, ya da alətə çevrilir. Amma nədənsə bu prinsip Kasparov üçün Azərbaycana şamil olunmur.
Necə olur, Harri? Suverenlik, ərazi bütövlüyü, Qarabağdan və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın yeddi ətraf rayonundan qovulmuş azərbaycanlı qaçqınların hüquqları Azərbaycana aid deyil? Ermənistan ərazisindən qovulmuş yüz minlərlə azərbaycanlının hüquqları barədə niyə susursan? Ermənistan və Rusiya tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında niyə bir kəlmə deməmisən? Səni hər şeylə təmin etmiş, dünya çempionu etmiş Vətənin keçdiyi ağrılar barədə səsin haradadır? Sən öz Vətəninə xəyanət etdikdən sonra Rusiyanın Ukraynaya qarşı təcavüzü barədə dediklərinə necə inanmaq olar?
“Xəyanət” ağır sözdür. Amma daha ağır olanı keçmişin elə təqdim edilməsidir ki, guya göstərilən dəstək, sərf olunan səylər və qoyulan etimad heç mövcud olmayıb. Heç bir zirvə təkbaşına fəth edilmir. Əgər insan bir gün yalnız özünə borclu olduğunu düşünürsə, yanında duranları dəyərsizləşdirir. Bu isə xəyanətdir. Ona görə də sənə deyirəm, Harri: sən təkcə Vətəninə, yaxınlarına deyil, yüksəliş illərində - Heydər Əliyevin başçılığı ilə səmimi şəkildə yanında olan hər kəsə xəyanət etdin.
Azərbaycan hər şeyi xatırlayır və heç nəyi unutmur. Səni necə dəstəklədiyini, səninlə necə qürur duyduğunu xatırlayır və buna görə sual vermək haqqına malikdir - nifrətdən yox, ləyaqət hissindən.
Xəyanət həmişə seçimdir. Seçim — xatırlamaq ya unutmaq, ardıcıl olmaq ya rahat mövqe seçmək. Xəyanət fikir dəyişmək deyil. Bu, sənə güc, resurs və etimad yatırmış insanlarla bağın qırılmasıdır. Hər kəs baxışlarının təkamülünə haqq sahibidir. Amma elə bir hədd var ki, ondan sonra təkamül yaddaşdan imtinaya çevrilir.
1985-ci ildə dünya çempionu olduqdan sonra Harri Kasparov “Zamanın sınağı” adlı kitab yazmışdı. O vaxt bu ad özünəinam və tarixi haqlılıq manifesti kimi səslənirdi. Zaman həqiqətən hər kəsi sınağa çəkir - təkcə şahmat taxtası arxasında yox. O, debüt yeniliklərini və endşpil texnikasını yoxlamır. O, minnətdarlığı, ardıcıllığı və köklərə sədaqəti yoxlayır. Prinsiplər ya vahiddir, ya da auditoriyadan asılı olaraq məna dəyişən sözlərə çevrilir - bu gün Kasparovun Ukraynanın informasiya məkanında etməyə çalışdığı kimi.

Onilliklər keçib. Dünya dəyişib. Siyasi dekorasiyalar dəyişib. Amma mənəvi kateqoriyalar dəyişməyib. Bu gün Zaqulba bağından və Moskva matçlarından tutmuş indiki gurultulu siyasi bəyanatlara qədər bütün yolu nəzərdən keçirərkən onun kitabının adını xatırlamamaq mümkün deyil.
“Zamanın sınağı” sadəcə kitab adı deyil. Bu, həyatın hər kəsdən götürdüyü imtahandır. Və məhz bu imtahan ən çətinidir. Zaman hər şeyi yerbəyer edir. Onun qərarından şikayət verilmir. Viktor Hüqonun dediyi kimi:“Xəyanət səhv deyil. Bu, qərardır”. (AzPolitika.info)
Poliqon.info