EN

Xocalı soyqırımı Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş misli görünməmiş cinayətdir

Bakı, 25 fevral, AZƏRTAC

26 Fevral - Xocalı Soyqırımı Günü Azərbaycan xalqının yaddaşına qanla yazılmış ən dəhşətli tarixlərdən biridir. 1992-ci ilin fevralın 26-da Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədib. Bu hadisə təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycan xalqının məhv edilməsinə yönəlmiş soyqırımı aktı kimi tarixə düşüb. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır və bütün bəşəriyyətə qarşı törədilmiş tarixi cinayətdir”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, sözügedən faciə, eyni zamanda, iki yüz ildən artıq müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları sistemli etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir: “Faciə gecəsi Xocalı şəhərini tərk etməyə çalışan əhali əvvəlcədən qurulmuş pusqulara salınıb, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni silahlı dəstələri tərəfindən qətlə yetirilib və ya əsir götürülüb. Qadınlar, uşaqlar, qocalar xüsusi qəddarlıqla öldürülüb, bir çoxu şaxtalı dağlarda donaraq həyatını itirib. Rəsmi statistikaya əsasən, Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilub, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, yüzlərlə insan yaralanmış, minlərlə sakin əsir və girov götürülüb. Xocalıda törədilən cinayətlər “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” 1948-ci il BMT Konvensiyasına tam uyğun olaraq soyqırımı anlayışının bütün hüquqi elementlərini özündə ehtiva edir. Milli, etnik mənsubiyyətinə görə dinc əhalinin məqsədli şəkildə qətlə yetirilməsi, fiziki və mənəvi işgəncələrə məruz qalması, yaşayış mühitinin tamamilə məhv edilməsi açıq-aşkar soyqırımı niyyətinin mövcudluğunu sübut edir. Xocalı faciəsini törədən, əli günahsız insanların qanına batmış şəxslərin Bakıda ədalət məhkəməsi qarşısında cavab verməsi tarixi ədalətin təntənəsidir. Onların qanun qarşısında məsuliyyətə cəlb olunması göstərir ki, heç bir cinayət cəzasız qalmır və Xocalı şəhidlərinin qisası yerdə qalmayıb”.

Deputat qeyd edib ki, Azərbaycan dövləti beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq cinayətkarların məsuliyyətə cəlb edilməsini qətiyyətlə təmin edir: “Xocalı şəhəri işğal nəticəsində yerlə-yeksan edilib, minlərlə yaşayış evi, məktəb, mədəniyyət ocaqları, tarixi və dini abidələr dağıdılıb. Qəbiristanlıqlar vandalizmə məruz qalıb, Azərbaycan xalqının mədəni irsinə qarşı ağır cinayətlər törədilib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib, 1997-ci ildən etibarən hər il bu tarixdə ölkə ərazisində saat 17:00-da soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Bu, dövlət səviyyəsində faciəyə verilmiş siyasi və hüquqi qiymətin təzahürüdür. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı və digər işğal altında olan torpaqlarımız düşməndən azad edilib. Bu tarixi Qələbə Xocalı faciəsinin qurbanlarının qisasının alındığını, şəhidlərimizin qanının yerdə qalmadığını bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin Xocalı şəhərində Dövlət Bayrağını ucaltması həm ədalətin bərpasının, həm də milli qürurun təntənəsinin rəmzinə çevrildi. Bu gün Xocalı təkcə faciənin deyil, həm də dirçəlişin simvoludur. Azad olunmuş şəhər və kəndlərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir, yaşayış məntəqələri yenidən qurulur, infrastruktur bərpa olunur. Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması faciənin əbədi yaddaşda saxlanılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası mühüm rol oynayır. Bu kampaniyanın təşəbbüskarı Leyla Əliyevadır. Onun fəaliyyəti nəticəsində Xocalı həqiqətləri dünyanın müxtəlif ölkələrində geniş şəkildə təbliğ olunub, bir sıra dövlətlərin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən faciəyə siyasi-hüquqi qiymət verilib. Xocalı soyqırımı unudulmur və unudulmayacaq. Bu faciənin tanıdılması, təqsirkarların məsuliyyətə cəlb edilməsi və tarixi həqiqətlərin beynəlxalq səviyyədə qəbul olunması Azərbaycan dövlətinin prinsipial mövqeyidir. Xocalı qurbanlarının xatirəsi Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq”.

 

Chosen
7
4
azertag.az

5Sources