Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, həmin cinayətlərin 63,5 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,3 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 2,4 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,8 faizini isə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər təşkil edib.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 5657 şəxs müəyyən edilib.
Onların 35,8 faizini əvvəllər də cinayət törətmiş şəxslər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,1 faiz azdır. Cinayət törətmiş şəxslərin 98,4 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,6 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.
Bununla yanaşı, 2025-ci il ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 3051 inzibati xəta qeydə alınıb ki, onlardan da 88-i qadınlar tərəfindən törədilib.
2025-ci ildə 11539,1 kiloqram və ya əvvəlki ilin göstəricisi ilə müqayisədə 23,7 faiz çox narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və tərkibində narkotik maddələr olan bitkilər müsadirə edilərək götürülüb. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 7606,7 kiloqramını marixuana, 2672,9 kiloqramını ölkə ərazisində bitən, tərkibində narkotik maddələr olan bitkilər, 773,7 kiloqramını heroin, 142,2 kiloqramını tiryək, 161,8 kiloqramını həşiş, həşiş yağı və qətranı, 162,7 kiloqramını psixotrop maddələr (onlardan 162,6 kiloqramı metamfetamin), 19,1 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.
AzVision.az