EN

ABŞ-ı qorxu içində saxlayan mafioz: O, öz vətəninə niyə qayıda bilmirdi?

Əsl adı Salvatore Lukania olan personajımız 1897-ci ildə İtaliyanın Siciliya adasında anadan olub. 12 yaşı olanda ailəsi ilə birlikdə ABŞ-a köçüb. Köçər-köçməz kriminala qurşanıb. 1916-cı ildə narkokuryerliyə görə 6 ay həbsdə olub.

Həbsdən az sonra o, ad-soyadını amerikanlaşdırmaq qərarına gəldi və Çarlz Luçano oldu. 1929-cu ildə edilən qəsddən sağ çıxandan sonra “Laki” (“Lucky” – bəxtəvər, şanslı) ləqəbini qazanır və daha çox Laki Luçano kimi tanınır.

ABŞ-da alkoqollu içkilərin 1919-cu ildə qadağan edilməsi mütəşəkkil cinayətkarlığın işinə yaradı. Qeyri-leqal alkoqol istehsalı, idxalı və satışı kriminal qruplara ağlagəlməz sərvət qazandırdı. Luçanonun yüksəlişi də bu zaman baş verir.

Onun mafiyanın de-fakto liderinə çevirən Kastellamar savaşı haqqında bundan əvvəl paylaşdığım mətndə yazmışam. Lakin onun azadlıqdakı günləri tezliklə başa çatdı.

1936-cı ildə həbs edilən Luçano 30 ildən 50 ilə qədər həbsə məhkum edildi. Bununla belə, o, həbsdə xeyli az qaldı.

ABŞ-ın İkinci Dünya müharibəsinə qoşulmasından iki ay sonra, 1942-ci il fevralın 9-da Nyu York limanında lövbər salmış “SS Normandie” sərnişin gəmisində yanğın baş verdi və gəmi batdı. Hadisə ehtiyatsızlıq üzündən baş vermişdi, amma hakimiyyət orqanları sabotajı da istisna etmədilər.

Müharibə dövründə xüsusi əhəmiyyətə malik dəniz limanlarında sabotaj, tətil, casusluq və başqa hallarla üzləşmək istəmədiklərindən Luçano ilə əlaqə saxladılar. Laki müharibədən sonra azad ediləcəyi şərti ilə razılıq verdi və savaş bitənə qədər limanlar saat kimi işlədi.

Luçanonun bir də müttəfiqlərin Siciliyaya desant çıxarma əməliyyatına yardım etməsi iddiası var, lakin bu, təsdiq olunmur.

Müharibədən sonra Laki Luçano həqiqətən də azad edildi, amma ABŞ vətəndaşı olmaması üzündən deportasiya edildi. Bir müddət Kubada məskunlaşıb mafiyaya buradan başçılıq etdi. Lakin amerikalıların təzyiqi ilə üzləşən Kuba hökuməti də onu qovdu.

Luçano bir müddət sonra ABŞ-a qayıtmaq üçün icazə almağa iki dəfə cəhd etdi, lakin uğursuz oldu. 1962-ci il yanvarın 26-da ürək tutmasından vəfat etdi. Əvvəlcə Neapolda dəfn olunsa da, doğmalarının müraciətindən sonra nəşinin ABŞ-a gətirilməsinə və valideynlərinin yanında dəfn olunmasına icazə verildi.

Yadigar Sadıqlı

Chosen
16
veteninfo.az

1Sources