Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, Təl-Əvivin təşəbbüsü ilə Aralıq dənizi ətrafında və Yaxın Şərq daxilində bütöv bir sistem, ittifaq qurur.
“Bu ittifaqa Hindistanın, ərəb ölkələri, Afrika ölkələri, eləcə də Yunanıstan və Kipr kimi Aralıq dənizi ölkələri daxildir. Həmçinin hazırda adlarını açıqlamaq istəmədiyim bəzi Asiya dövlətləri də bura daxildir. Məqsəd reallığı, qarşıdakı çağırışları və hədəfləri eyni baxış prizmasından qiymətləndirən ölkələr oxu yaratmaqdır. Həm bizim mübarizə apardığımız və qətiyyətlə qarşı durduğumuz radikal şiə oxuna, həm də radikal sünni oxuna qarşı bir ox”, – Netanyahu bildirib.
Maraqlıdır, bütün bunlar nədən xəbər verir?
Ümumiyyətlə, Benyamin Netanyahunun səsləndirdiyi bu fikir, əslində, son illərdə Israel xarici siyasətinin əsas xəttini əks etdirir: regional təcridi minimuma endirmək, təhlükəsizlik mühitini öz xeyrinə formalaşdırmaq və ideoloji yox, geosiyasi maraqlar üzərindən yeni koalisiyalar qurmaq.
Məsələyə bir neçə aspektdən yanaşmaq olar.
Məsələn, Netanyahunun “radikal şiə oxu” və “radikal sünni oxu” ifadələri regiondakı iki əsas təhlükəsizlik təhdidinə işarədir. Bir tərəfdə İran və onun regiondakı təsir şəbəkəsi (Livanda, Suriyada, İraqda və s.), digər tərəfdə isə radikal sünni qruplar dayanır. İsrail uzun müddətdir ki, özünü bu iki təhlükə arasında balanslaşdırılmış, lakin daim təhdid altında olan aktor kimi təqdim edir.
Digər tərəfdən, Hindistanın adının da bu sistemdə çəkilməsi təsadüfi deyil. Son illər İsrail–Hindistan münasibətləri hərbi-texniki və kəşfiyyat sahəsində xeyli dərinləşib. Hindistan üçün İsrail yüksək texnologiya və müdafiə sənayesi tərəfdaşıdır, İsrail üçün isə Hindistan həm böyük bazar, həm də Çin və Pakistan faktoruna qarşı strateji dayaqdır.
“Ərəb ölkələri” ifadəsi isə son illərdə normallaşma proseslərinə işarədir.
Konkret desək, Netanyahunun mesajı iki auditoriyaya yönəlib:
1)Daxili auditoriyaya: İsrailin təcrid olunmadığını, əksinə regional mərkəzə çevrildiyini göstərmək.
2)Xarici auditoriyaya: xüsusilə İrana İsrailin tək olmadığı siqnalını vermək.
Hazırda bu təşəbbüs Yaxın Şərqdə ideoloji qütbləşmədən daha çox təhlükəsizlik əsaslı yeni regional düzənin formalaşdığını göstərir. Lakin onun real gücü yalnız diplomatik bəyanatlarla deyil, ortaq müdafiə mexanizmləri, iqtisadi inteqrasiya və uzunmüddətli siyasi sabitliklə ölçüləcək.
Elmar
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.