EN

Mehriban "Qəbələ" -  Yola verdilər, getdi…

Bu mövsüm uduzduğu və zəif oynadığı oyunların sayı çox olub «Qəbələ»nin. Amma beləsi…

Olmamışdı.

Bax ki bu da gəlib «Turan Tovuz»la matça təsadüf etdi… Təbii, xoş təsadüf deyil.

Ümumiyyətlə, təsadüfdürmü?

2026-cı ilin «Qəbələ»sindən tamam fərqli şeylər danışırdıq axır 5-10 günə kimi. Udduğu və yenildiyi oyunlardan sonra belə.

Qeyd edirdik ki, komanda 1 ayın içində çox dəyişib, güclənib və Premyer Liqada qalmaq təlaşı tezliklə bitəcək, daha yaxşı günlər hələ qabaqdadır, gözləyin-filan.

Nə gözləmək, «Qəbələ» doğma məkanda nalı sökülmüş at təsiri bağışladı, hara gəldi, necə gəldi, çapdı. İki erkən qolun səbəbkarı da özləri oldu.

Fərdi səhvlər olar e, amma beləsi…

Sanki bu futbolçuların ayağına aylarla top dəyməyib.

Sanki ilk dəfədir bir-birlərinin üzünü görürlər, bir-birlərini tanımırlar, bir-birlərinin oyununa bələd deyillər.

Kaxaber Sxadadze oyundan əvvəl və fasilədə heç bir tapşırıq verməmişdi, deyəsən. Tapşırıq vermişdisə də əgər…

Göstərişləri 10 futbolçu tərəfindən də yerinə yetirilmədi. Sadəcə, Adriel Ba Lua qol vurmaq üçün əlindən gələni etdi, şansı gətirmədi.

Yeri gəlmişkən, iki klubun rəhbərliyi arasında mehriban münasibətlər mövcuddur. O qədər mehriban ki…

Bu, oyunun gedişində də dəfələrlə sezildi… Protokola baxın, uduzan tərəf olan «Qəbələ»dən 1 nəfər də sarı vərəqə almadı.

Qonaqları mehribancasına yola verdilər, getdi…

ELNUR

Chosen
12
sportinfo.az

1Sources