EN

AQP-nin sədri: "Sektor yenilənərək şəxslərin yox, sistemin nəzarəti altına keçir"

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) əsas məqsədi qiymətləndirmə ekosistemində şəxslərdən asılı olmayan, institusional əsaslarla işləyən dayanıqlı sistem formalaşdırmaqdır.

Bunu "Far.Az"a açıqlamasında AQP-nin sədri Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın hazırkı iqtisadi inkişaf mərhələsində qərarvermə proseslərinin şəxsi münasibətlərdən və situativ təsirlərdən qorunması müstəsna əhəmiyyət kəsb edir: "Xüsusilə maliyyə sistemində hər bir kredit, investisiya və aktiv idarəetmə qərarları obyektiv dəyər göstəricisinə söykənməlidir. Bu dəyərin dəqiq və şəffaf olması ölkəmizin iqtisadi sabitliyini müəyyən edən əsas faktorlardandır. "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun və Palatanın yaradılması bu sahəni fərdi təşəbbüsdən çıxararaq hüquqi və metodoloji əsaslara söykənən strukturlaşdırılmış modelə çevirib. Bu, təkcə normativ dəyişiklik deyil, keyfiyyətcə yeni mərhələnin başlanğıcı, tamamilə yeni sistemə keçiddir. Məqsəd qiymətləndirmə prosesini hər hansı şəxsin və ya bazar iştirakçısının subyektiv yanaşmasından çıxarıb vahid standart və prosedurlar üzərində qurmaqdır".

AQP sədri vurğulayıb ki, Palatanın institusional missiyası sektorun özünütənzimləmə və keyfiyyət təminatı mexanizmlərini formalaşdırmaqdır: "Sertifikatlaşdırma, davamlı peşə inkişafı və keyfiyyətə nəzarət mexanizmləri inteqrasiya olunmuş şəkildə qurulduqda sistem artıq fərdi davranışlardan deyil, institusional çərçivədən asılı olur. Bizim əsas fəlsəfəmiz odur ki, bazar iştirakçıları dəyişsə belə, standartlar dəyişməz qalsın. Beynəlxalq inteqrasiya da bu modelin vacib və ayrılmaz tərkib hissəsidir. Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğunluq xarici investorlar üçün müsbət mesaj olmaqla yanaşı, eyni zamanda daxili sistemin davamlılığının təminatıdır. Standartlaşma nəticələrin icraçının subyektiv rəyindən deyil, qəbul olunmuş metodoloji çərçivədən irəli gəlməsinə imkan yaradır".

Palata rəhbəri rəqəmsal transformasiyanın rolunu xüsusi vurğulayıb: "Elektron reyestrlər, məlumat bazaları və analitik nəzarət alətləri qiymətləndirmə fəaliyyətinin şəffaflığını və izlənilə bilməsini artırır. Bu, insan faktorunun təsirini minimuma endirir və prosedur əsaslı idarəetməni gücləndirir. Qurumun əsas vəzifəsi işlək və dayanıqlı mexanizmlər formalaşdırmaqdır. Peşəkarlar dəyişə bilər, rəhbərlik dəyişə bilər, bazar dəyişə bilər, lakin sistem sabit qalmalıdır. Məqsədimiz bu modeli Azərbaycanın maliyyə arxitekturasının etibarlı dayağına çevirməkdir. Bu, təkcə peşə sahəsinin inkişafı deyil, həm də ölkənin iqtisadi təhlükəsizliyi və investisiya mühitinin keyfiyyət göstəricisidir".

Chosen
30
far.az

1Sources