EN

Rumıniya və tərəfdaş ölkələr 8-ci Koridor layihəsini əsas strateji nəqliyyat marşrutu kimi təsdiqləyib

Buxarest, 25 fevral, AZƏRTAC

Rumıniya, Albaniya, Bolqarıstan, İtaliya və Şimali Makedoniya 8-ci Koridor layihəsini Cənub-Şərqi Avropanın əsas strateji bağlantı xətti kimi bir daha təsdiqləyiblər.

AZƏRTAC xəbər verir ki, Rumıniya mətbuatının yaydığı məlumata görə, layihə regionun iqtisadi, logistika və təhlükəsizlik arxitekturasında mühüm rol oynayacaq.

8-ci Koridor Adriatik dənizindən Qara Dənizə qədər uzanan multimodal nəqliyyat xəttidir. Layihə Albaniyanın Durres limanından başlayaraq Şimali Makedoniya və Bolqarıstan ərazisindən keçməklə Rumıniyanın Konstansa limanına qədər uzanır. Bu marşrut avtomobil yollarını, dəmiryolu xətlərini və liman infrastrukturunu birləşdirərək Avropanın Transavropa Nəqliyyat Şəbəkəsinin mühüm seqmentinə çevrilir.

Ekspertlərin fikrincə, 8-ci Koridorun tam reallaşdırılması Qərbi Balkan regionunun Avropa İttifaqı ilə iqtisadi inteqrasiyasını sürətləndirəcək, ticarət dövriyyəsini artıracaq və yük daşımalarının müddətini əhəmiyyətli dərəcədə azaldacaq. Layihə həmçinin alternativ logistika marşrutlarının formalaşdırılmasına imkan verərək regional dayanıqlığı gücləndirəcək.

Rumıniya rəsmiləri bildiriblər ki, bu nəqliyyat marşrutu yalnız iqtisadi baxımdan deyil, həm də təhlükəsizlik kontekstində mühüm əhəmiyyət daşıyır. Xüsusilə Qara Dəniz regionunda baş verən geosiyasi proseslər fonunda infrastruktur əlaqələrinin gücləndirilməsi strateji prioritet kimi qiymətləndirilir.

Layihə çərçivəsində mövcud dəmiryolu və avtomobil magistrallarının modernləşdirilməsi, yeni tunel və körpülərin tikintisi, eləcə də limanların yükötürmə qabiliyyətinin artırılması nəzərdə tutulur. Bu isə region ölkələrinin Avropa bazarlarına çıxışını asanlaşdıracaq və investisiya mühitini yaxşılaşdıracaq.

Qeyd edək ki, 8-ci Koridor layihəsi Avropa məkanında Şərq-Qərb bağlantısının gücləndirilməsinə xidmət edən əsas infrastruktur təşəbbüslərindən biri kimi qiymətləndirilir və tərəfdaş ölkələr tərəfindən prioritet istiqamət kimi irəli sürülür.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Chosen
23
5
azertag.az

6Sources