EN

25 ştatda iğtişaşlar davam edir: Hökumət mübarizədə aciz qalır

Meksikanın uzun müddət axtarışda olan narkobaronlarından biri El Mençonun öldürülməsindən sonra ölkədə baş verən toqquşmalarda 73 nəfər həlak olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsiya Harfuç məlumat yayıb.

Bildirilib ki, iğtişaşlarda 25 təhlükəsizlik işçisi də daxil olmaqla, ümumilikdə 73 nəfər həyatını itirib.

Məlumata görə, əsas magistral yollarda nəqliyyatın hərəkəti bərpa olunub. Təhlükəsizlik qüvvələri bəzi ərazilərdə nəzarəti ələ keçirib və ölkə daxilində həyat normal axarına qayıtmağa başlayıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Əli Mustafayev deyib ki, Meksikada son günlər narkokartellərin belə geniş fəaliyyət göstərməsi diqqət çəkir:

“Hətta Meksika Prezidenti Klaudiya Şeynbaum bir neçə dəfə ABŞ lideri Donald Trampın təzyiqlərinə məruz qalıb. Ümumiyyətlə, ABŞ-də satılan narkotikin böyük bir qismi Meksikadan gətirilir. Buna görə ABŞ narkobaronlara qarşı geniş mübarizə aparıb”.

““Xalisko Yeni Nəsil” narkokarteli ABŞ-nin də yaxından izlədiyi bir şəbəkədir. Bu kartelin liderlərindən olan El Mençonun sıradan çıxarılmasından sonra proseslər yeni mərhələyə çatıb.

Meksikanın 35 ştatından 20-də yollar bağlanıb, avtomobillər yandırılıb, polisə qarşı iğtişaşlar davam edir. Dövlət qurumlarına isə hücumlar təşkil olunur. Narkokartelin gücü o qədər böyükdür ki, Meksika hökuməti mübarizədə çətinlik çəkir. Hətta kartelin silah, sursat və muzdlu qüvvələri aktiv olaraq bir ordu kimi hərəkət edir.

Düzdür, El Mençonun ölümü kartel sisteminin çökməsi demək deyil. Lakin onun öldürülməsi ABŞ–Meksika əməkdaşlığı ilə həyata keçirilib”, – deyə politoloq əlavə edib.

Atilla Rzasoy

Chosen
32
nocomment.az

1Sources