EN

Müəllimlik mənim üçün sırf peşə deyil, HƏYATİ BİR MİSSİYADIR - MÜSAHİBƏ

Müəllimlik sadəcə peşə deyil, həm də bir missiyadır. Şagirdlərin dünyagörüşünü genişləndirmək, onları bilikə və kəşfə həvəsləndirmək, gələcək nəsilləri maarifləndirmək – müəllimin gündəlik vəzifələrindən yalnız bir neçəsidir. Budəfəki müsahibimiz Bakı şəhəri Suraxanı rayonunda yerləşən 87 nömrəli tam orta məktəbdə coğrafiya fənnini rus bölməsində tədris edən Musa Rzayevdir. O, bu missiyanı illərdir uğurla həyata keçirən müəllimlərdən biridir. Onun dərsləri yalnız xəritələrlə və faktlarla məhdudlaşmır, şagirdlərə dünyanın müxtəlif guşələrini, təbiətin və insanların həyatını anlamaq bacarığı qazandırır.


 

-Oxucularımıza özünüzü necə təqdim edərdiniz? Pedaqoji fəaliyyət yolunuz barədə qısa məlumat verərdiniz.

-Musa Adil oğlu Rzayev 12 oktyabr 1989-cu ildə anadan olub. Bakıda Azərbaycan Dövlət Pedaqoji Universitetində Coğrafiya ixtisası üzrə bakalavr təhsilini tamamlamış, daha sonra Bakı Dövlət Universitetində iqtisadi və sosial coğrafiya üzrə magistr dərəcəsi əldə etmişdir.
Pedaqoji fəaliyyətinə 2014-cü ildə müəllim kimi başlamışdır. Karyerasının ilk illərində BDU-da İqtisadi Coğrafiya fənnini tədris etmiş, daha sonra 26 nömrəli məktəbdə müəllim və direktor müavini vəzifələrində çalışmışdır. Hazırda isə Bakı şəhəri Suraxanı rayonunda yerləşən 87 nömrəli tam orta məktəbdə rus bölməsində Coğrafiya fənnini tədris edir.
Müəllimlik fəaliyyəti boyunca Musa müəllim bir sıra uğurlara imza atmışdır. İki dəfə “Yaradıcı müəllim” müsabiqəsində təşəkkürnamə qazanmış, 2025-ci ildə isə həmin müsabiqədə birinci yerə layiq görülmüşdür. Sertifikasiya imtahanında 54 bal nəticə göstərmiş və hazırda direktorların işə qəbul müsabiqəsinin seçim turunu uğurla keçərək müsahibə mərhələsini gözləyir.

-Müəllimlik sizin üçün nə deməkdir?

– Mənim üçün müəllimlik sırf peşə deyil, bir missiyadır. Məktəbdə oxuduğum illərdən bəri müəllim olmaq arzum olub; müəllimlərim də o zaman mənim bu peşəyə uyğun olduğumu deyirdilər. Hər hansı başqa sahədə də uğur qazana bilərdim, amma insanlara bilik ötürmək və onları inkişaf etdirmək qabiliyyətim mənə bu yolu seçdirdi. Əsas məqsədim azad, yenilikçi, millətini sevən və onu layiqincə təmsil edə bilən vətəndaşlar yetişdirməkdir.

– Fənninizlə bağlı hansı yanaşmaları tətbiq edirsiniz?

– Coğrafiya dərslərini daim innovativ metodlarla zənginləşdirməyə çalışıram. Yeni təlim üsulları axtarıram, psixologiyaya dair kitablar oxuyuram və süni intellektin təhsilə tətbiqi ilə maraqlanıram. Sinifdə şagirdlər üçün yeni öyrənmə materialları hazırlayıram və onların öyrənməyə marağını artırmaq üçün interaktiv üsullardan istifadə edirəm.Sadəcə fənni öyrətməklə kifayətlənmirəm. Şagirdlərimə yaxşı zövq formalaşdırmağı və sağlam həyat tərzi aşılamağı da vacib hesab edirəm. Özüm idmanla məşğulam və bu yanaşmanı dərslərdə də əks etdirməyə çalışıram.

-Niyə məhz müəllim olmaq istədiniz?

– Müəllim olacağım hələ kiçik yaşlarımdan bəlli idi. Öyrətməyi sevirəm. Ümumiyyətlə, müəllimlik mənim üçün sırf peşə deyil, həyati bir missiyadır.

-Əgər müəllim olmasaydınız, hansı sahədə çalışardınız?

– Çox güman ki, yazıçı olardım, çünki ədəbiyyatı sevirəm.

-Sizcə, yaxşı müəllimi fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

– Yaxşı müəllimi fərqləndirən əsas cəhətlər humanizm, yüksək empatiya və emosional zəka, innovativlikdir. Bütün bunlara yüksək akademik bilikləri də əlavə etsək, müasir müəllim modelini tam xarakterizə etmiş olarıq.

-Müəllimlik fəaliyyətində qarşılaşdığınız ən çətin məqamlar hansılardır və onları necə dəf edirsiniz?

– Ən çətin tərəf eyni anda müxtəlif psixologiyaya malik şagirdlərlə və valideynlərlə işləməkdir. Bunun öhdəsindən gəlmək üçün hər kəsi diqqətlə dinləməyə çalışıram və psixologiyaya dair bacarıqlarımı mütəmadi inkişaf etdirirəm.

-Son illərdə tətbiq etdiyiniz ən uğurlu innovativ metodlar hansılardır?

– Ən uğurlu metodlardan biri süni intellektin tətbiqidir. Məsələn, məşhur coğrafiyaçıları süni intellekt vasitəsilə canlandırıb onların həyatı və kəşfləri barədə şagirdlərə təqdim edən videolar hazırlamışam. Bu, şagirdlərin dərsə marağını artırır.

-Şagirdlərin nailiyyətləri sizin üçün nə qədər motivasiyaedicidir?

– Təbii ki, şagirdlərimim uğurları mənim üçün böyük motivasiyadır. Bu gün dövlətin müxtəlif strukturlarında çalışan şagirdlərim var və onların nailiyyətləri mənim üçün böyük stimul olur. Eyni zamanda, müxtəlif yaradıcı müsabiqələrdə uğurlu layihələr təqdim etmək də mənim üçün motivasiyadır.

-Müəllim üçün vacib olan əsas dəyərlər hansılardır?

– Vicdanlı, ədalətli olmaq, tolerantlıq və ən əsası vətənpərvərlik.

-Pedaqoji fəaliyyətinizdə sizi ən çox təsir edən hadisələrdən biri hansıdır?

– Pandemiya dövründə bir şagirdim anasını itirdi və bu onun üçün çox ağır idi. Bir gün ağladığını gördüm və ona dedim: “Unutma, sən hansı güclü qadının qızısan, göz yaşlarını silib məğrur baxışla sinfə daxil olmalısan.” Məktəbi bitirdikdən sonra mənə yazdı ki, bu sözləri heç vaxt unutmayacaq. Bu hadisə mənim üçün əsas motivasiyalardan biridir.

-Müasir təhsildə sizi qane edən və inkişaf etdirilməli olan məqamlar hansılardır?

– Qane edən məqamlar çoxdur. Belə ki, şagirdlər geniş informasiya bazasına çıxış əldə edir, təhsil sürətlə inkişaf edir, müəllimə verilən dəyər isə artır. Təbii ki, iş olan yerdə nöqsanlar da olur. Məncə, qiymətləndirmə prosesini daha da təkmilləşdirməliyik.

-Şagirdlərlə münasibətdə əsas tövsiyəniz nədir?

– Sinfə daxil olanda müəyyən məqamlarda şagirdlərlə eyni yaş səviyyəsinə düşməyi bacarın. Onların baxış bucağı fərqli ola bilər. Ən önəmlisi isə sevgi göstərməkdir: müəllimdən sevgi görən şagird fənni də sevəcək.

-Yaradıcı müəllim müsabiqəsində uğur qazanmaq üçün hansı strategiyaları tətbiq etdiniz?

– Yalnız irəli! Fikirlərimin reallaşacağına inandım. Müsabiqəyə gedərkən layihə faylının adını da “Birinci yer” yazmışdım və nəticədə birinci yeri qazandım.

-Süni intellektin təhsildə tətbiqi barədə fikriniz nədir?

– Süni intellektin imkanlarını düzgün şəkildə şagirdlərə təqdim etsək, öyrənmə prosesi həm müəllim, həm də şagird üçün çox faydalı olur. Əsas məqsəd şagirdləri hazır cavab şablonlarına alışdırmamaq və öyrədici suallar verməyi öyrətməkdir. Təqdimatlar, fərdi işlər hazırlamaq və dərs planlaşdırmaq üçün əla vasitədir.

-İdman və əlavə fəaliyyətlərin şagirdlərin inkişafında rolu barədə nə düşünürsünüz?

– İdman və əlavə fəaliyyətlər şagirdlərin gələcəkdə uğurlu kadr kimi yetişməsində böyük rol oynayır. Həyat yalnız akademik biliklərdən ibarət deyil, yumşaq bacarıqlar, maliyyə savadlılığı, ümumi dünya görüşü və fiziki sağlamlıq da önəmlidir.

-Şagirdlərin fərdi bacarıqlarını necə nəzərə alırsınız?

– İlk öncə şagirdləri yaxşı tanımağa çalışıram. Göz təması çox önəmlidir. Şagirdin baxışından mövzunu anlayıb anlamadığını müəyyən edə bilirəm. Tapşırıqları hazırlayanda fərdi bacarıqları nəzərə alıram. Əgər bir şagirddə gələcəyin Pikasso və ya Davinçisini görürəmsə, onun bacarıqlarını dərs zamanı inkişaf etdirirəm.

-Hazırda hansı layihələr üzərində çalışırsınız və gələcək planlarınız nədir?

– Hazırda direktorların işə qəbul imtahanında iştirak edirəm və müsahibə mərhələsini gözləyirəm. Qismət olsa, təyinat alacağım məktəbi ölkədə fərqlənən məktəblər sırasına çıxarmağı hədəfləyirəm. Eyni zamanda, ölkə üzrə coğrafiyaçıları bir araya gətirəcək layihə həyata keçirməyi arzulayıram.

-Son dərs gününüzü necə xəyal edirsiniz ?

– Düzü, bu haqda düşünmək hələ çox tezdir. Amma son gün olsa belə, dərsə maksimal hazır vəziyyətdə, noutbukum və dərs materiallarım tam hazır şəkildə daxil olardım. Şagirdlərə aşılaya biləcəyim məqamları sonuna qədər möhkəmləndirərdim və sevgi, gülərüzlü şagirdlərin gözəl sözləri ilə yola çıxardım.

Yaqut Ağaşahqızı, “İki sahil”

Chosen
6
ikisahil.az

1Sources