EN

Qiymət artımı insanları banklara daha çox möhtac edib Azərbaycanlılar niyə kütləvi borclanır?

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda istehlak krediti götürən insanların sayı ildən-ilə artmaqdadır. Bir çox ailələr gündəlik tələbatlarını və ya böyük xərclərini qarşılamaq üçün banklara müraciət edir. Artan qiymətlər, gəlirlə xərclər arasındakı uyğunsuzluq və istehlak meylləri insanları borclanmaya sövq edir. Nəticədə cəmiyyətdə bank asılılığı daha qabarıq şəkildə hiss olunur.

Vətəndaşların kreditə yönəlməsinin əsas səbəbi iqtisadi çətinliklərdir, yoxsa düzgün maliyyə planlaşdırmasının olmaması?

Mövzu ilə bağlı "AzPolitika"ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib ki, kredit götürən vətəndaşların sayının artması təsadüfi deyil və bu, bir neçə amilin nəticəsidir.

Onun sözlərinə görə, ilk növbədə qeyd etmək lazımdır ki, əsas səbəblərdən biri gəlirlərlə xərclər arasındakı balansın pozulmasıdır: "Qiymətlərin artması fonunda əhalinin real gəlirləri eyni templə yüksəlmir və nəticədə ailə büdcəsində yaranan çatışmazlıq kredit hesabına bağlanır.

Digər tərəfdən, burada maliyyə planlaşdırmasının zəif olması da mühüm rol oynayır. Bir çox hallarda kredit yalnız zəruri ehtiyaclar üçün deyil, istehlak xarakterli digər xərclər üçün də götürülür. İnsanlar bəzən gələcək gəlirlərini əvvəlcədən xərcləyir və bu da kredit asılılığını artırır".

Ekspert qeyd edib ki, eyni zamanda, bank sektorunda kreditə çıxış imkanlarının genişlənməsi və kreditlərin daha əlçatan olması da bu prosesi sürətləndirir:

"Nəticədə kredit tədricən fövqəladə maliyyə aləti yox, gündəlik həyatın bir hissəsinə çevrilir. Ümumilikdə, vətəndaşların kreditə yönəlməsi həm iqtisadi çətinliklərlə, həm də maliyyə savadlılığının və uzunmüddətli maliyyə planlaşdırmasının yetərli səviyyədə olmaması ilə bağlıdır. Bu sahədə davamlı gəlir artımı ilə yanaşı, əhalinin maliyyə savadlılığının artırılması da vacib məsələlərdən biridir".

Oğuz Ayvaz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
azpolitika.info

1Sources