EN

İnsan ömrü illərlə deyil, buraxdığı ləyaqətli iziylə ölçülür ƏFQAN MƏMMƏDUN XATİRƏSİNƏ SAYĞILARLA

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bugünlərdə Azərbaycan cəmiyyəti ölkəmizin ləyaqətli insanlarından birinin – Əfqan Məmmədovun itkisi xəbərini aldı.

Atalarımızın “İnsan var evdən, insan da var eldən gedir” məsəli Əfqan bəy kimi insanların itkisinə aiddir.

Əfqan Məmmədov uzun illər hüquq-mühafizə və hüquq sahəsində vicdanla fəaliyyət göstərmiş, prinsipial mövqeyi və peşəkarlığı ilə seçilmişdir. Onun üçün ədalət anlayışı yalnız hüquqi kateqoriya deyil, daxili mənəvi dəyər idi.

Həqiqətin tərəfində dayanmaq, haqsızlığa qarşı barışmaz olmaq onun xarakterinin əsas xüsusiyyətlərindən idi.

Vəkil kimi fəaliyyəti dövründə o, mərhum Elton Quliyevlə birlikdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin başçısı Eldar Mahmudov və dəstəsinin şərlədiyi tanınmış insanların müdafiəsini həyata keçirmişdir.

O, mürəkkəb və ictimai rezonans doğuran bu işlərdə, yorulmaz əzmkarlığı və prinsipial mövqeyi ilə seçilir, müdafiə etdiyi şəxslərin hüquqlarının qorunmasında qətiyyətli və ardıcıl mövqe sərgiləyirdi.

O, eyni zamanda yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. Xoş qəlbi, insanpərvərliyi, sadəliyi və səmimiliyi ilə onu tanıyanların hörmət və rəğbətini qazanmışdı.

O, zahirən möhkəm və iradəli görünsə də, daxilən son dərəcə həssas və kövrək idi. Bir insani ağrı, bir ədalətsizlik hekayəsi və ya səmimi təşəkkür sözü onun gözlərinin dolmasına yetərdi.

Bu xüsusiyyət onun saf qəlbinin və təmiz vicdanının təzahürü idi.

Dostluqda sədaqətli, münasibətlərdə dürüst və etibarlı idi. Çətin anlarda dayaq, sevincli günlərdə səmimi şərik idi.

Dostu Elton Quliyev kimi onun da güclü yumor hissi ilə ən gərgin məqamlarda belə ətrafındakı insanlara ümid və təbəssüm bəxş etməyi bacarırdı.

Parlaq bir vətənpərvər idi, O… Vətəninə bağlılığı səssiz, pafossuz, lakin sarsılmaz idi.

Vaxtsız getdi bu dünyadan həyatsevər insan. Fəqət arxasında peşəkar nüfuz, qəlblərdə yaşayan bir yaxşı insan xatirəsi qoydu.

Hörmətlə çəkiləcək onun adı, yaxşılıqları isə hər daim minnətdarlıqla xatırlanacaqdır.

Çünki insan ömrü illərlə deyil, buraxdığı ləyaqətli izlə ölçülür.

Ruhun şad olsun, Əfqan Məmmədov!

Pərviz Həşimli

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
icma.az

1Sources