EN

Mavi balinadan uzun və "duman içən" bitki: Onu "canlı fosil" adlandırırlar

İlk baxışdan velviçiya təbiətin ən qarışıq və qəribə yaradılışlarından biri təsiri bağışlayır. XIX əsrdə bir sıra nüfuzlu bioloqlar bu bitkini dünyanın ən eybəcər bitkisi adlandırsa da, onun gizli üstünlüklərini də qeyd ediblər. 

HİT.az xəbər verir ki, bu barədə “BBC Wildlife Magazine” yazır.

Bitkinin adı necə yaranıb?

Velviçiya (Welwitschia mirabilis) adını ingilis botaniki və səyyah Cozef Huker verib. O, bitki cinsini onun ilk kəşfedicisi doktor Fridrix Velviçin şərəfinə adlandırıb. “Mirabilis” sözü isə latıncadan tərcümədə “qəribə” və ya “möcüzəvi” mənasını verir.

Velviçiya haqqında nə məlumdur?

Nəşr qeyd edir ki, velviçiya tez-tez “canlı fosil” adlandırılır. Bu bitki yalnız Namib səhrasında bitir və planetin ən sərt iqlim şəraitlərindən birinə uğurla uyğunlaşıb.

Xarici görünüşünə görə velviçiya sanki yarıcanlı təsir bağışlayır. Lakin o, ilk növbədə heyrətamiz davamlılığı ilə tanınır.

Bitkinin 30 metrdən artıq dərinliyə çata bilən uzun əsas kökü var. Qumlu səhrada qədim torpaq qatlarına qədər uzanan bu kök yeraltı su mənbələrinə çatmağa imkan verir. Torpaq səthinin üstündə isə cəmi 30 santimetrə yaxın hissə görünür və bu da əsasən bir-birinə dolaşmış iki yarpaqdan ibarətdir.

Velviçiyanın yarpaqları 90 santimetrə qədər enə malik ola bilər və iki hissəli tacın hər iki tərəfindən fasiləsiz şəkildə böyüyür. Yerli şəraitdən, qumlu küləklərin təsirindən və qara kərgədan da daxil olmaqla müxtəlif heyvanların zədələməsindən asılı olaraq yarpaqlar müxtəlif uzunluqlara çatır, sonra isə parçalanaraq aşınır. Bəzi hallarda yarpaqlar səhrada 6 metrdən artıq uzanaraq dəniz canlısının tentakullarını xatırladır.

Alimlərin hesablamalarına görə, bəzi velviçiyaların yaşı 1500–2000 ilə çatır.

Səhrada yaşamağın sirləri

“BBC Wildlife Magazine” yazır ki, velviçiya sərt səhrə şəraitində sağ qalmaq üçün bir sıra uyğunlaşma mexanizmlərindən istifadə edir. Bu bitkilər çox vaxt qruplar və ya xətti sıralar halında böyüyür. Onların uzanan kolları yeraltı su axınlarını əks etdirir və dərin köklər vasitəsilə gizli su mənbələrinə çatır.

Velviçiyanın ən maraqlı xüsusiyyətlərindən biri isə “duman içə” bilməsidir. Yarpaqların dib hissəsində əmələ gələn kondensat damcıları bitkinin mərkəzinə doğru yönəlir və beləliklə əlavə rütubət təmin olunur.

Bundan başqa, yarpaqların hər iki səthi minlərlə mikroskopik məsamə – ağızcıq (stoma) ilə örtülüb. Əksər bitkilərdə bu məsamələr əsasən yarpağın alt hissəsində yerləşdiyi halda, velviçiyada hər iki tərəfdə mövcuddur. Bitki gecə saatlarında rütubətli havanı bu məsamələr vasitəsilə “udaraq”, gün ərzində temperatur yüksəldikdə onları bağlayır.

Samir
 

Chosen
16
hit.az

1Sources