ABŞ-ın çip istehsalçısı, Kaliforniya ştatında yerləşən Nvidia şirkətinin gəliri 3 aylıq dövrdə illik müqayisədə 73 faiz artaraq 68,1 milyard dollar təşkil edib və bazar gözləntilərini üstələyib.
Marja.az xəbər verir ki, şirkət 25 yanvarda başa çatan və 2026-cı maliyyə ilinin dördüncü rübü kimi qəbul etdiyi 3 aylıq dövr üzrə maliyyə nəticələrini açıqlayıb. Sözügedən dövrdə şirkətin əldə etdiyi gəlir illik müqayisədə 73 faiz artaraq 68,1 milyard dollara yüksəlib.
Gəlirini əvvəlki rüblə müqayisədə də 20 faiz artıran Nvidia, ötən ilin eyni dövründə 39,3 milyard dollar gəlir əldə etmişdi.
Bazarın gözləntisi (proqnoz) şirkətin bu dövrdə 65,56 milyard dollar gəlir açıqlayacağı istiqamətində idi.
Nvidia-nın gəliri 2026-cı maliyyə ili üzrə ümumilikdə 65 faiz artaraq təxminən 216 milyard dollar təşkil edib.
Çip istehsalçısı hazırkı rüb üçün gəlir proqnozunu 78 milyard dollar səviyyəsində açıqlayıb və qeyd edib ki, proqnozlarda Çindən əldə ediləcək məlumat mərkəzi gəlirləri ilə bağlı hər hansı fərziyyə nəzərə alınmayıb.
Şirkətin mənfəəti 94 faiz artıb
Nvidia-nın xalis mənfəəti də sözügedən rübdə illik müqayisədə 94 faiz (təxminən 2 dəfə) artaraq 42,96 milyard dollara yüksəlib. Şirkətin xalis mənfəəti ötən ilin eyni dövründə 22,1 milyard dollar təşkil etmişdi.
2025-ci maliyyə ilinin dördüncü rübündə 89 sent olan səhm üzrə mənfəəti bu dövrdə 1,76 dollara yüksəlib.
Şirkətin mənfəəti də bazar gözləntilərini üstələyib.
Nvidia-nın təsisçisi və baş icraçı direktoru (CEO) Jensen Huang bildirib ki, hesablama gücünə tələbat sürətlə artır:
“Müştərilərimiz süni intellekt sənaye inqilabını və gələcək inkişaflarını dəstəkləyən "fabriklər" kimi çıxış edən süni intellekt hesablama infrastrukturlarına investisiya qoymaq üçün yarışırlar.”