EN

Bakının bu ərazilərində evlər bahalaşacaq

Mənzil sahibi olmaq bir çox vətəndaşın əsas hədəflərindən biridir. Lakin son illər daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımı bu arzunu reallaşdırmağı xeyli çətinləşdirib.

Xüsusilə paytaxt və ətraf ərazilərdə qiymətlərin yüksəlməsi alıcıların seçim imkanlarını məhdudlaşdırır.

Bizim.Media xəbər verir ki, Metbuat.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun sözlərinə görə, 2026-cı ilin çətin iqtisadi dövr olacağı ilə bağlı müzakirələr aparılsa da, daşınmaz əmlak bazarı investisiya baxımından cəlbediciliyini qoruyur:

“Alternativ investisiya alətlərinin məhdudluğu səbəbindən daşınmaz əmlak yenə də prioritet mövqeyini saxlayır. Ərazi baxımından xüsusilə Səbail və Nəsimi rayonları, yeni metro və tramvay xətlərinin çəkilməsi gözlənilən ərazilər, Ceyhun Hacıbəyli küçəsi və ətrafı, “Semaşko” xəstəxanasının yerləşdiyi ərazi və ətraf məhəllələr diqqət mərkəzindədir. Eyni zamanda, söküntü aparılan ərazilər və onlara yaxın məkanlarda da qiymət artımı potensialı yüksəkdir.

Bundan başqa, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində inşa olunacaq iri yaşayış kompleksinin ətrafı, Qobu-Hökməli yolu boyunca torpaq sahələri və fərdi yaşayış evləri, Mərdəkan və Bilgəh qəsəbələrində dənizə yaxın ərazilər, eləcə də Nardaran istiqamətində, xüsusilə “Sea Breeze” layihəsinin ətrafı aktiv inkişaf zonasına daxildir. Bu ərazilərdə geniş tikinti və quruculuq işləri davam edir, bəzi hallarda torpaq və ev sahiblərinə kompensasiya ödənilərək əmlaklar alınır. Bütün bunlar 2026-cı ildə fərdi yaşayış evləri, torpaq sahələri və mənzillər üzrə artım tendensiyasının davam edəcəyini göstərir”.

V.Orucun proqnozlarına görə, 2026-cı ildə köhnə tikililərdə təxminən 6,5 faiz artım gözlənilir.

“Yeni tikililərdə artımın 9,5 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Torpaq sahələrində 15 faiz, fərdi yaşayış evlərində 9 faiz, qeyri-yaşayış sahələrində isə 11,5 faiz artım gözlənilir”, - deyə iqtisadçı qeyd edib.

Bizim.Media 

Chosen
6
2
bizim.media

3Sources