EN

İslam bankçılığı Azərbaycana nə verə bilər? - AÇIQLAMA

Ənənəvi kredit sistemindən fərqli olaraq, faizsiz maliyyələşmə təklif edən İslam bankçılığı modeli maraq doğurmaqdadır. Təşkili prosesində isə beynəlxalq təcrübəyə əsaslanma əsas prioritetlərdəndir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda İslam bankçılığının inkişafı bir çox aspektlərdən asılı olacaq:

Natiq

“Bu bankçılığın öz qaydaları var. Qaydalardan biri də İslam bankçılığının payçı olmasıdır. Məsələn, onlar istehlak kreditləri vermirlər. Ancaq biznes krediti verirlər və payçı olurlar. Azərbaycanda bunun inkişaf etməsi üçün biznes də inkişaf etməlidir. Bu səbəbdən gözləməkdə yarar var”.

 

İqtisadçı Xalid Kərimli bildirib ki, islam bankçılığı perspektivli sahədir və böyük ehtimal bütün bankların bu sistemdən istifadə etməyə hüququ olacaq:

Gələcəkdə

“Rəqabət üstünlüyü yaranmayacaq. Bu sektorda hansısa problemin yaranacağı gözlənilmir. Faiz olmasa da, pul ödəyirsən. İstehlak kreditləri verilməyəcəyinə görə pul kreditləri məhdudlaşır. Bank burda yenə pul qazanacaq, ancaq fərqli yollarla olacaq. Ola bilsin, müştəriyə faiz əvəzinə bank özü mal satan kimi çıxış etsin və ya lizinq modeli kimi istifadə etsinlər. Daha çox biznes və əmlak istiqamətində olacaq. Bu, hansısa formada faizi olmayan, ancaq bankın gəlirliyini təmin edən instrumentdir. Faiz olmasa da, qazancın bölüşdürülməsi, icarə haqqının alınması və s. kimi gəlir əldə edilir. Bəzi insanlar dini baxışlarına görə, maliyyə sektoruna daxil olmurlar. Bu cür insanları cəlb etmək mümkün olacaq. Həmçinin bu forma düşünüləndə kiçik və orta biznes üçün alternativ instrumentlər də yaranmış olacaq. Yəni daha çox faizdən qaçan, qəbul etməyən şəxslərin bank sektoruna cəlb edilməsi mümkün olacaq. Ancaq bu o demək  deyil ki, kredit götürən eyni məbləği qaytaracaq, xeyr. Müxtəlif icarə, lizinq müqavilələri, dividentin bölüşdürülməsi və s kimi üsullarla pul verən üzərində pul götürəcək. Bankların böyük pay götürəcəyini güman etmirəm, 5 faiz ətrafında pay götürə bilər. Burada əsas nüanslardan biri İslam ölkələrinə investisiyanın cəlbidir. Bizim banklara kredit vermirdilər ki, “siz faizə verirsiniz, bunun üçün bizim qaydalar uyğun deyil”. Azərbaycan bankları həmin ölkələrdən kredit də cəlb edə biləcəklər. Alternativ üsul olacaq. Burada əsas nüans faizdən yayınan vətəndaşların cəlb olunmasıdır. Maliyyə sektoruna yeni müştəri gəldiyinə görə sektor böyüyəcək”.

 

İlahiyyatçı Əkrəm Həsənov qeyd edib ki, “Qurani-Kərim”də faiz açıq şəkildə haram buyurulub.

İlahiyyatçı:

O vurğulayıb ki, Allah Bəqərə surəsi 275-ci ayədə alış-verişi halal, faizi isə haram etdiyini bildirir: “Bu ayə bizə bir ölçü verir. Pulun özü qazanc alətinə çevrilirsə və artım yalnız zamana görədirsə, bu faiz sayılır. Məhəmməd Peyğəmbər faiz alanı da, verəni də eyni məsuliyyət dairəsində göstərib. Bu artıq fərdi məsələ deyil, sistem məsələsidir. Bank pulu borc verib üzərinə artım qoyursa, bu, klassik faiz mexanizmidir. Amma bank malı özü alır, sonra qazancını əlavə edib müştəriyə satırsa, burada alış-veriş var. Pul satılmır, mal satılır. Fərq buradadır. Digər modeldə isə bankla müştəri ortaq olur, birlikdə işə girirlər, qazanc da bölünür, zərər də... Risk yalnız bir tərəfin üzərinə yüklənmir, bu, artıq ortaqlıq prinsipidir. Fiqhdə qazancın halal olması üçün əsas şərt real iqtisadi fəaliyyət və risk paylaşımıdır. Qazanc yalnız vaxt keçdiyinə görə artırsa, adı dəyişsə də hökm dəyişmir. Klassik alimlər bunu açıq şəkildə yazıblar. Hiylə ilə haram, halal olmaz. Müasir iqtisadi müzakirələrdə də risk paylaşımına əsaslanan modellər daha dayanıqlı sayılır. 2008-ci il maliyyə böhranı göstərdi ki, faiz üzərində qurulan həddindən artıq kredit sistemi cəmiyyət üçün ağır nəticələr doğura bilər. Bir çox iqtisadçılar bu mexanizmi tənqid etdilər. Ona görə də Azərbaycanda tətbiq olunacaq modelə baxarkən əsas sual budur. Bank real mal və investisiya üzərindən qazanc götürür, yoxsa pulu zamana görə artırır? Qazanc ticarətdən və ortaqlıqdan gəlirsə, bu şəri baxımdan halal çərçivəyə daxildir. Pulun özü məhsula çevrilirsə və artım vaxt müqabilindədirsə, bu artıq faiz mahiyyətidir. Məsələni çətinləşdirməyə ehtiyac yoxdur, ölçü sadədir: pul satılırsa faiz, mal satılırsa, alış verişdir. Ortaqlıq varsa, qazanc da, məsuliyyət də bölünür. Bu prinsip qorunarsa, model halal ola bilər. Qorunmazsa, ad dəyişməklə mahiyyət dəyişmir”.

 

Şəhanə Quliyeva

Tarix: 26 Fevral 2026, 08:35   
Chosen
15
pravda.az

1Sources