EN

Xocalı soyqırımı: Tariximizin qan yaddaşı və təhsilimizin mənəvi borcu

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri - Xocalı soyqırımı baş verdi. Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törətdi. Şəhəri tərk etməyə çalışan insanlar pusquya salındı, qadınlar, uşaqlar, ahıllar amansızlıqla qətlə yetirildi. 
 
Rəsmi məlumatlara görə, 613 nəfər həyatını itirdi - onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl idi. 8 ailə tamamilə məhv edildi, yüzlərlə uşaq valideynlərini itirdi. Bu, təkcə bir şəhərin deyil, bütöv bir xalqın yaddaşına həkk olunmuş qanlı bir səhifədir. 
 
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis 26 fevralı “Xocalı soyqırımı günü” elan etdi. “Soyqırımı” anlayışı isə beynəlxalq hüquqda Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1948-ci ildə qəbul olunmuş Konvensiya ilə təsbit edilmişdir. Bu baxımdan 
Xocalıda baş verənlər yalnız milli faciə deyil, həm də beynəlxalq hüququn pozulması faktıdır. 
 
Son illər Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılmışdır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” kampaniyası bir çox ölkələrdə geniş maarifləndirmə işləri aparmışdır. 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizləndi və 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalıda Dövlət Bayrağımızı ucaltdı. Bu hadisə təkcə hərbi-siyasi deyil, həm də mənəvi ədalətin bərpası idi. 
 
Hər il fevralın 26-da Bakıda Ana harayı abidəsi önündə keçirilən anım mərasimləri xalqımızın yaddaşının diri olduğunu göstərir. 2025-ci ildə Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam isə bu faciənin tariximizin ayrılmaz hissəsi kimi gələcək nəsillərə çatdırılmasına xidmət edir. 

Bir müəllim olaraq düşünürəm ki, Xocalı faciəsinin tədrisi sadəcə faktların öyrədilməsi deyil. Bu, şagirdlərimizə: 

Tarixi həqiqətləri düzgün mənbələr əsasında öyrətmək, 
Beynəlxalq hüquq anlayışını izah etmək, 
İnsan hüquqları və humanizm dəyərlərini aşılamaq, 
Vətənə sevgi və vətəndaş məsuliyyəti formalaşdırmaq deməkdir. 
 
Tarixin bu qanlı səhifəsini emosional şüarlarla deyil, faktlara əsaslanan, analitik və düşünməyə sövq edən metodlarla tədris etməliyik. Şagird bilməlidir ki, Xocalı yalnız keçmiş deyil – bu, gələcək üçün məsuliyyət dərsidir. 

Qlobal dünyada informasiya müharibəsi real müharibə qədər təhlükəlidir. Sabahın diplomatları, jurnalistləri, hüquqşünasları, müəllimləri bu gün məktəbdə əyləşən şagirdlərdir. Azərbaycanın haqq səsinin dünyaya çatdırılması onların üzərinə düşəcək. Onlar yalnız emosional deyil, hüquqi, tarixi və siyasi arqumentlərlə danışmağı bacarmalıdırlar. 
 
Xocalı soyqırımı bizə iki böyük dərs verir: 
Birincisi - unutmaq olmaz. 
İkincisi - unutdurmamaq üçün savadlı, məlumatlı və milli şüurlu nəsil yetişdirmək lazımdır. 
 
Biz müəllimlər üçün bu, təkcə peşə borcu deyil – vicdan məsuliyyətidir. 
 
26 Fevral - Xocalı soyqırımı qurbanlarını dərin ehtiramla yad edir, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. 
 
Hörmətlə, 
Aynur Axundova 
Qobustan rayon Cəyirli kənd Rasim Hüseynov adına ümumi orta ümumtəhsil məktəbin ingilis dili müəllimi.

Chosen
14
azedu.az

1Sources