EN

ABŞ kateri Kubanın ərazi sularına daxil olub, silahlı toqquşmada ölənlər var

Hadisə Kuba sahillərinə yaxın ərazidə qeydə alınıb, tərəflər arasında atışma nəticəsində ölən və yaralananlar var...

Poliqon xəbər verir ki, ABŞ bayrağı altında üzən sürətli kater Kubanın şimal sahillərindən təxminən bir dəniz mili məsafədə, Kayo-Falkones adası yaxınlığında ölkənin ərazi sularına daxil olub və nəticədə silahlı insident baş verib.

Kuba Daxili İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamaya görə, Florida ştatında qeydiyyatda olan, nömrə nişanı FL7726SH olan sürətli kater sərhəd pozuntusuna yol verib. Kuba sərhəd qoşunlarının patrul gəmisi katerə yaxınlaşaraq onun kimliyini və hərəkət məqsədini müəyyənləşdirmək istəyib. Bu zaman ABŞ bayraqlı katerdən atəş açıldığı bildirilir.

Məlumata əsasən, Kuba sərhədçiləri cavab atəşi açıblar və nəticədə qarşı tərəfdə itkilər qeydə alınıb. Atışma zamanı katerdə olan 4 nəfər həlak olub, daha 6 nəfər yaralanıb. Kuba tərəfinin məlumatına görə, insident zamanı patrul katerinin komandiri də yaralanıb.

Rəsmi Havana bəyan edib ki, katerdə ümumilikdə 10 nəfər olub və onların hamısı ABŞ-də yaşayan kubalılardır. Kuba hakimiyyətinin versiyasına əsasən, bu, ölkə ərazisinə silahlı müdaxilə və terror aktları törətmək məqsədi daşıyan cəhd olub. Bildirilir ki, sahildə qrup üzvlərini qarşılamağa hazırlaşan bir nəfər də saxlanılıb.

Kuba tərəfi əlavə edib ki, katerin göyərtəsində avtomat silahlar, tapançalar və yandırıcı qarışıqlar aşkar edilib.

ABŞ-nin dövlət katibi Marko Rubio isə bildirib ki, baş verən hadisə ABŞ hökumətinin əməliyyatı olmayıb. Onun sözlərinə görə, Vaşinqton insidentlə bağlı müstəqil araşdırma aparır və zərərçəkənlərin ABŞ vətəndaşı və ya daimi sakini olub-olmadığını dəqiqləşdirir.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens də Ağ Evin vəziyyəti yaxından izlədiyini açıqlayıb.

Hazırda tərəflər arasında diplomatik kanallar vasitəsilə məlumat mübadiləsinin davam etdiyi bildirilir. Hadisənin regional təhlükəsizlik və iki ölkə arasındakı münasibətlərə mümkün təsiri diqqətlə izlənilir.

Poliqon.info

Chosen
12
poliqon.info

1Sources