Şimali Koreya dünya siyasətinə necə qayıdır?
Son illər beynəlxalq siyasətdə ən diqqətçəkən dəyişikliklərdən biri Koreya Xalq Demokratik Respublikasının (KXDR) davranış modelində müşahidə olunur. Uzun müddət qapalı və təcrid olunmuş dövlət kimi təqdim edilən Şimali Koreya artıq özünü regional deyil, qlobal proseslərin iştirakçısı kimi göstərməyə çalışır. Pxenyanda keçirilmiş növbəti partiya qurultayı ərəfəsində ölkənin siyasi kursunda baş verən dəyişikliklər bu transformasiyanın açıq göstəricisi hesab olunur.
Beş ilin yekunu: nüvə statusundan geosiyasi alətə
Koreya Əmək Partiyasının fevral ayında keçirilmiş növbəti IX qurultayı 2021-ci ildə baş tutmuş əvvəlki qurultaydan bəri KXDR-in beynəlxalq mövqeyinin ciddi şəkildə dəyişdiyini göstərdi. Ölkənin lideri, Əmək Partiyasının baş katibi və Dövlət İşləri Komissiyasının sədri Kim Çen In son çıxışlarında Şimali Koreyanın artıq “tam formalaşmış nüvə dövləti” olduğunu vurğulayır. 2022-25-ci illər ərzində Pxenyan müxtəlif tipli ballistik raketlərin onlarla sınağını həyata keçirdi, o cümlədən qitələrarası raketlər (ICBM) ABŞ ərazisinə çatmaq potensialı nümayiş etdirdi. Hərbi ekspertlərin hesablamalarına görə, Şimali Koreyanın arsenalında hazırda 30-50 arasında nüvə başlığı ola bilər. Bu faktor Pxenyana beynəlxalq danışıqlarda tamamilə yeni status qazandırıb - artıq o, güc balansının iştirakçısı kimi qəbul olunur.
Ən radikal qərar: Koreyanın birləşməsi ideyasından imtina
Şimali Koreyanın siyasətində ən mühüm ideoloji dönüşlərdən biri Koreya yarımadasının birləşdirilməsi konsepsiyasının faktiki olaraq gündəmdən çıxarılmasıdır. Kim Çen In açıq şəkildə bəyan edib ki, Cənubi Koreya artıq qardaş dövlət deyil, ayrı və düşmən siyasi sistemdir. Bu yanaşma əvvəlki liderlər - dövlətin qurucusu Kim İr Sen və onun varisi Kim Çen İr dövründən ciddi fərqlənir. Onlar birləşməni strateji məqsəd sayırdılar. Yeni doktrina isə Şimali Koreyanı müvəqqəti layihə kimi yox, müstəqil və daimi dövlət kimi təqdim edir. Cənubi Koreyada bu bəyanatlar ciddi narahatlıq yaradıb. Seul administrasiyası daxilində artıq birləşmə ideyasından imtina edib “sülh şəraitində yanaşı mövcudluq” modelinə keçid müzakirə olunur.
Böyük güclər arasında balans: Rusiya və Çin faktoru
Şimali Koreyanın xarici siyasətində də mühüm dəyişikliklər müşahidə olunur. 2024-25-ci illərdə Rusiya prezidenti Vladimir Putinlə Kim Çen In arasında keçirilən görüşlər iki ölkənin hərbi-texniki əməkdaşlığı genişləndirdiyini göstərdi. Pxenyan açıq şəkildə Moskvanın geosiyasi mövqelərini dəstəklədiyini bəyan etdi. Çin isə KXDR-in əsas iqtisadi tərəfdaşı kimi qalsa da, Pekində müəyyən narahatlıq hiss olunur. Çin rəhbərliyi, xüsusilə Çin Xalq Respublikasının sədri Si Cinpin Pxenyanın həddindən artıq müstəqil hərəkət etməsinin regionda balansı poza biləcəyindən ehtiyatlanır. Şimali Koreyanın nüvə potensialının sürətlə artması Pekin üçün də arzuolunan ssenari sayılmır.
Varislik məsələsi: yeni siyasi simvol
Son illərin diqqətçəkən hadisələrindən biri Kim Çen Inın qızı Kim Ju Aenin dövlət tədbirlərində görünməsidir. İlk dəfə 2022-ci ilin payızında ictimaiyyət qarşısına çıxan və hazırda təxminən 13 yaşında olduğu ehtimal edilən Kim Ju Ae artıq raket sınaqları və rəsmi səfərlərdə atasını müşayiət edir. 2025-ci ildə Çinə rəsmi səfər zamanı onun protokol sıralamasında yüksək mövqe tutması siyasi müşahidəçilər tərəfindən mümkün varislik siqnalı kimi qiymətləndirildi. Şimali Koreya mediasının onu “hörmətli qız” kimi təqdim etməsi isə ölkə daxilində yeni siyasi simvolun formalaşdırıldığını göstərir.
Pxenyanın güclənməsi regionda yeni təhlükəsizlik bloklaşmasına təkan verir. ABŞ, Yaponiya və Cənubi Koreya arasında üçtərəfli hərbi əməkdaşlıq genişlənir. Yaponiya müdafiə xərclərini artıraraq və raketdən müdafiə sistemlərini gücləndirərək Şimali Koreyanı əsas təhlükə mənbələrindən biri kimi göstərir. Nəticədə şimal-şərqi Asiya getdikcə iki geosiyasi xətt üzrə bölünür: bir tərəfdə ABŞ-Yaponiya-Cənubi Koreya əməkdaşlığı, digər tərəfdə Rusiya-Çin-KXDR arasında qeyri-formal yaxınlaşma.
Yeni reallıq: kiçik dövlət, böyük təsir
Ərazisi və iqtisadi göstəriciləri baxımından böyük dövlət sayılmasa da, Şimali Koreya bu gün regionda katalizator rolu oynayır. Onun hər bir raket sınağı və siyasi bəyanatı Asiya-Sakit okean regionunda təhlükəsizlik balansına birbaşa təsir edir. Analitiklərin fikrincə, rəsmi Pxenyan artıq yalnız sağ qalmaq uğrunda mübarizə aparan rejim deyil, dəyişən dünya nizamında öz yerini müəyyənləşdirməyə çalışan nüvə gücüdür. Bu səbəbdən Şimali Koreya məsələsi yaxın illərdə də beynəlxalq siyasətin ən mürəkkəb və təhlükəli mövzularından biri kimi qalacaq. Çünki Pxenyanın strategiyası sadədir - zəif görünməmək. Nüvə silahı olan dövlət üçün bu strategiya regionun gələcəyinə birbaşa təsir göstərir.
Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert