EN

Keçən əsrin ən ağır cinayətlərindən biri: Xocalı soyqırımı



XX əsr Azərbaycan xalqının taleyinə deportasiya, soyqırım, terror aktları kimi faciələrin yazılması ilə yadda qalıb. 1918-ci ilin mart soyqırımından tutmuş, 1848-53-cü illər deportasiyasına qədər, eləcə də keçən əsrin 90-cı illərində ermənilərin təkcə Azərbaycan xalqına deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı həyata keçirdiyi cinayət, Xocalı soyqırımına qədər olan bütöv bir dövr xalqımızın faciə, vandallıq, vəhşiliklə qarşılaşdığı zaman kəsimi olub. Bir əsr ərzində üç böyük faciə ilə qarşılaşan Azərbaycan xalqı eyni yüzillikdə irili-xırdalı başqa vəhşiliklərlə də üzləşib. Lakin əyilməyib, sınmayıb, özünü toparlayaraq dikəlib və haqqını tələb edərək onu qanı, canı bahasına əldə edib. Necə ki, bu günlərdə 34 illiyini böyük kədər, hüzn hissi ilə qeyd etdiyimiz Xocalı soyqırımından sonra Azərbaycan xalqı özündə güc taparaq tarixi ədalətə bərpa edib, 30 ilə yaxın işğal altında olan torpaqlarını azadlığa qovuşdurub.

34 il əvvəl xalqımızın yaşadığı faciənin baş vermə zərurəti, həmin dövrün tarixi xronologiyasına nəzər yetirsək görərik ki, XX əsrin sonlarında Cənubi Qafqaz regionunda baş verən münaqişələr təkcə bu coğrafiyanın siyasi xəritəsinin dəyişdirilməsinə deyil, eyni zamanda on minlərlə insanın taleyinin yarımçıq qalmasına, kütləvi qətillərə, ölümlərə hesablanmışdı. Həm Rusiyanın imperialist maraqları, parçala-böl siyasəti, həm Cənubi Qafqazda münaqişə ocaqları yaratmaqla regionu təsir altında saxlamaq istəyi, həm də dünyanın silah tacirlərinin biznes maraqları coğrafiyamıza müharibə, insan itkisi, on minlərlə ailənin faciəsinə yol açan fəlakət gətirmişdi. Xocalı soyqırımı da bu münaqişələrin ən faciəli və ağır səhifələrindən biri idi.

Yaxın tarixə nəzər salsaq görərik ki, Xocalı soyqırımı Ermənistan–Azərbaycan münaqişəsinin, daha dəqiq desək Birinci Qarabağ Müharibəsinin ən ağır dövründə baş vermişdi. Keçmiş SSRİ-nin dağılması fonunda baş verən bu soyqırım aktında da əsrin əvvəlləri və ortalarında olduğu kimi ermənilərin əsas hərəkət verici qüvvəsi, onlara hərbi cəhətdən dəstək verən ruslar oldu. Məhz 366 alayın iştirakı ilə ermənilər Xocalıda soyqırım həyata keçirərək tarixin ən ağır cinayətlərindən birini işlətdilər.

Xocalı şəhəri strateji mövqeyinə görə ermənilər üçün mühüm əhəmiyyət daşıyırdı. Çünki Xocalıda Qarabağ bölgəsinin yeganə hava limanı yerləşirdi. Təkcə bu amil kifayət edirdi ki, Xocalı hərbi baxımdan hədəfə çevrilsin.
Beləliklə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum həyata keçirildi. Şəhər mühasirəyə alındı, mülki əhali qaçmağa çalışarkən silahlı hücumlara məruz qaldı. Rəsmi məlumatlara görə, ermənilərin Xocalıda törətdikləri soyqırım zamanı 613 nəfər qətlə yetirilib ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı şəxs olub. 1000-dən çox insan yaralanıb, yüzlərlə şəxs əsir və girov götürülüb.

Ermənilərin Xocalıda törətdikləri soyqırımı ilk illər ört-basdır etməyə çalışsa da, lakin Ulu Öndər Heydər Əliyevin timsalında Azərbaycan rəhbərliyinin beynəlxalq miqyasda apardığı iş və məqsədyönlü siyasət, eyni zamanda beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlərin xarakteristikasının açıq şəkildə təsbit olunması, ən əsası ermənilər tərəfindən 1992-ci ilin 26 fevralında törədilən vəhşiliklərin də həmin cinayətlərlə üzt-üstə düşməsi Xocalı hadisələrinin soyqırım kimi tanınmasını labüd edir.
1949-cu il Cenevrə Konvensiyalarına əsasən isə, silahlı münaqişə zamanı mülki əhali xüsusi müdafiə olunmalıdır. Lakin Xocalıda bu Konvensiyanın tələbləri kobud şəkildə pozulub. Bu baxımdan Xocalı hadisələri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilir.

Beynəlxalq hüquqa əsasən, insanlıq əleyhinə cinayətlər dedikdə mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistemli hücumlar nəzərdə tutulur. Bu anlayış xüsusilə Birləşmiş Millətlər Təşkilatı sənədlərində və 1998-ci ildə qəbul edilmiş Roma Statutu çərçivəsində təsbit edilir. Roma Statutuna görə insanlıq əleyhinə cinayətlərə qəsdən adam öldürmə, deportasiya və ya zorla köçürmə, işgəncə, təqib və digər qeyri-insani əməllər daxildir ki, bütün bunların hər birinə Xocalı soyqırımı zamanı rast gəlinib.

Bütün bunlardan yola çıxılaraq Azərbaycan dövləti, onun müvafiq qurumları Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində faciənin baş verdiyi ilk illərdən hərəkətə keçib. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımının beynəlxalq aləmə çatdırılması istiqamətində sistemli addımlar atıldı, müvafiq qərarlar qəbul edildi. Beləliklə, Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi.

Xocalı soyqırımının dünyaya çatdırılması, ona hüquqi-siyasi qiymətin verilməsi və bu soyqırımın beynəlxalq aləmdə tanıdılması istiqamətində dövlətlə yanaşı, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti nünayəndələri ötən illlər ərzində aktiv rol oynayıb. Bu mənada Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatmış olduğu "Xocalıya Ədalət" kampaniyası dövlətin bu istiqamətdə apardığı işə mühüm dəstək xarakteri daşıyırdı. Kampaniyanın uğurla həyata keçirilməsi nəticəsində qısa müddətdə bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul etdi, bu cinayəti pisləyən bəyanatlar qəbul olundu. Ümumilikdə, 2008-ci ildə start verilən kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Görülən işlərin nəticəsidir ki, bu vaxtadək 18 ölkənin qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən Xocalı hadisələri ilə bağlı müvafiq parlament qətnamələri qəbul olunub.

“Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyi (ATXƏM) də aparılan bu ümumi işə öz töhfəsini verməyə çalışıb, həm “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində, həm də fərdi və Avropadakı partnyor təşkilatlarla əməkdaşlıq əsasında Xocalı soyqırmının dünyaya çatdırılması istiqamətində sistemli fəaliyyət göstərib. Yarandığı gündən qarşısına qoyduğu ana xəttdən biri də məhz Xocalı soyqırımının dünyada tanıdılması olan ATXƏM bu illər ərzində Avropanın siyasi paytaxtlarında, Brüsseldə, Strasburqda, Den Haqqda oradakı partnyor təşkilatlarla Xocalı mitinqləri keçirib, konfrans və dəyirmi masalar təşkil edib.
Belə tərəfdaş təşkilatlardan Belçikada fəaliyyət göstərən Belçika-Türkcə Media Birliyinin sədri Hüseyn Dönməz, Azərbaycan-Belçika-Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Belçika-Gent Türk Ocaqları Mərkəzinin rəhbəri Rəcəp Tuncer Sarı, Belinuks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədov, Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın, Strasburq "Azərbaycan Evi"nin rəhbəri Mustafa Alinca və digərlərini göstərmək olar.

Dəfələrlə erməni lobbisi, Avropadakı erməni diasporu ATXƏM-in Xocalı soyqırımının tanıdılması istiqamətindəki tədbirlərinə mane olmağa çalışsa da, təşkilat qarşısına qoyduğu hədəfə çatmaq üçün geri çəkilməyib, çıxdığı yola uğurla davam edib. Bu gün də ATXƏM eyni missiya, eyni düşüncə də yanaşma ilə fəaliyyətini davam etdirir.

Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində o dəhşətli günü xatırlayıb kədərlənməklə yanaşı, 2020-ci ilin sentyabrından sonra yaşananlara səhifə-səhifə nəzər salıb həm də fərəhlənir, qürurlanırıq. Ona görə də hər şeydən əvvəl Xocalımız azaddır, artıq düşmən tapdağı altında deyil. Respublikanın hər bir bölgəsində olduğu kimi Xocalıda da Azərbaycan bayrağı dalğalanır. Buna görə Xocalı şəhidlərinin ruhu da şaddır. Bu inamın mövcudluğu bizdə qürur yaradır.

Artıq erməni işğalı altında torpağımız yoxdur. Xocalılının, ağdamlının, şuşalının, kəlbəcərlinin, laçınlının, ümumən azərbaycanlının arzusu, istəyi bu idi. Bu istək və arzu ilə 44 günlük Vətən Müharibəsinə Ali Baş Komandanın çağırışı ilə qoşulmuşdu. O torpaqların azad edilməsində şəhid olmuş hər bir Vətən övladımızın ruhu bu gün şaddır. Çünki Ali Baş Komandanımız bizi Xocalı acısından, həsrətindən, nisgilindən azad edib.
Ən nəhayət, Xocalı şəhidlərinin ruhu ona görə şaddır ki, Xocalıda soyqırım həyata keçirən canilər Bakı Hərbi Məhkəməsində öz layiqli cəzalarını aldılar.

İlham İsmayılov,

“Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin sədri
Chosen
27
newscenter.az

1Sources