EN

Nüvə danışıqlarında kritik mərhələ ABŞ İran nümayəndə heyəti Cenevrədə üçüncü turda

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ və İran uzun müddətdir davam edən nüvə mübahisəsini həll etmək məqsədilə bu gün Cenevrə şəhərində danışıqların üçüncü turu çərçivəsində bir araya gəlir.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, regionda hərbi gərginliyin artdığı bir mərhələdə keçirilən görüşlər diplomatik həll axtarışlarının ən kritik mərhələlərindən biri kimi qiymətləndirilir.Tehran hesab edir ki, Vaşinqton üç əsas məsələ üzrə elastiklik nümayiş etdirsə, razılaşma mümkündür. İran tərəfi simvolik səviyyədə uranın zənginləşdirilməsi hüququnun tanınmasını, yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatının seyrəldilməsinə icazə verilməsini və ballistik raket proqramının danışıqlardan kənarda saxlanılmasını əsas şərtlər kimi irəli sürür. İranlı diplomatların fikrincə, məhz bu çərçivə irəliləyiş üçün açar rolunu oynaya bilər.Lakin ABŞ Prezidenti Donald Tramp administrasiyasının bu yanaşmanı tam qəbul edib-etmədiyi aydın deyil. ABŞ dövlət katibi Marko Rubio İranın raket proqramını müzakirədən kənarda saxlamaq istəyini böyük problem adlandırıb. Bu isə danışıqların taleyi ilə bağlı qeyri-müəyyənliyi artırır.İranlı rəsmilər bildirirlər ki, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner əvvəlki dolayı təmaslarda sözügedən prinsipləri qəbul etdiklərini ifadə ediblər. Bununla belə, Vaşinqton tərəfindən bu iddianı təsdiqləyən rəsmi və açıq mesaj verilməyib.Britaniyanın “The Guardian” nəşrinin məlumatına görə, ABŞ tərəfi İrandan uranın zənginləşdirilmə səviyyəsini 5%-dən aşağı saxlamağı tələb edir. Bu göstərici İranın 2015-ci ildə imzaladığı “Joint Comprehensive Plan of Action” (JCPOA) çərçivəsində qəbul etdiyi həddə uyğundur və silah istehsalı üçün tələb olunan səviyyədən xeyli aşağı hesab olunur.İran nümayəndə heyətinə yaxın mənbələr bildirirlər ki, ABŞ ilkin mərhələdə nisbətən elastik çərçivə təklif edib. Lakin sanksiyaların dərhal ləğvi və ya diplomatik münasibətlərin bərpası ilə bağlı konkret öhdəlik irəli sürülməyib. Məlumata görə, proses ilk mərhələdə zənginləşdirmənin 5% səviyyəsində məhdudlaşdırılması və proqramın mülki məqsədlərə yönəldilməsi ilə başlayacaq, sonrakı mərhələlərdə isə sanksiyaların mərhələli şəkildə yumşaldılması və diplomatik dialoqun genişləndirilməsi müzakirə ediləcək.Cenevrəyə yola düşməzdən əvvəl açıqlama verən İranın xarici işlər naziri Abbas Araqçı qısa müddətdə ədalətli və balanslı razılaşmaya nail olmağı hədəflədiklərini bildirib. O vurğulayıb ki, İran heç bir halda nüvə silahı hazırlamaq niyyətində deyil, lakin dinc məqsədli nüvə texnologiyasından istifadə hüququndan da imtina etməyəcək.Danışıqlar Bədr Albusəidinin vasitəçiliyi ilə aparılır. Tərəflər uranın zənginləşdirilmə səviyyəsi, İranın 60% səviyyəsində zənginləşdirilmiş təxminən 440 kiloqramlıq uran ehtiyatının taleyi və sanksiyaların ləğv olunma qrafiki kimi əsas məsələlər üzrə ortaq məxrəc tapmağa çalışacaqlar.Diplomatik kanal açıq saxlanılsa da, Vaşinqtonun hərbi variantı masadan kənarlaşdırmadığına dair mesajları və Tehran rəhbərliyinin raket proqramı ilə bağlı sərt mövqeyi Cenevrədəki üçüncü turu prosesin ən həlledici dönəmlərindən birinə çevirir. Danışıqların nəticəsi yalnız iki ölkə arasında münasibətlərə deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturasına təsir göstərə bilər.Cavid, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
www.bakupost.az

1Sources