EN

BDU tələbələri qurbana çevrilib: Şantaj və təhqiramiz paylaşımlar

Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilməklə hazırlanmış təhqiramiz foto və videomaterialların yayılması ilə bağlı məlumatlar geniş müzakirə olunur.

BAKU.WS xəbər verir ki, naməlum şəxs və ya bir qrup saxta hesablar yaradaraq tələbələrin üz cizgilərindən, o cümlədən dipfeyk texnologiyalarından istifadə etməklə alçaldıcı məzmunlar paylaşır.

Bildirilir ki, bu cür hesablar əsasən gecə saatlarında aktiv olur. Həmin vaxt montaj edilmiş foto və videolar yerləşdirilir, səhərə yaxın isə hesablar silinir və ya deaktiv edilir. Sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, belə səhifələr bir neçə dəfə ardıcıl şəkildə yaradılıb ki, bu da onların izlənməsini çətinləşdirib.

Məlumata əsasən, əsas hədəf sosial şəbəkələrdə şəxsi profilləri açıq olan BDU-nun hüquq fakültəsinin tələbələri olub. Bu isə naməlum şəxslərə onların foto və videolarından saxta məzmun hazırlanması üçün istifadə etməyə imkan verib. Bir sıra hallarda paylaşımların təhqiramiz qeydlərlə müşayiət olunduğu, psixoloji təzyiq və alçaltma xarakteri daşıdığı bildirilir.

Bir çox sosial şəbəkə istifadəçisi zərərçəkənlərə açıq dəstək nümayiş etdirərək, hadisəyə diqqət yetirilməsini və bunun psixoloji vəziyyətə, eləcə də reputasiyaya ciddi təsir göstərə biləcəyini vurğulayıb.

Daxili İşlər Nazirliyindən "1news.az"a bildirilib ki, hadisə hüquq-mühafizə orqanlarının nəzarətindədir: "Bununla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır".

Hazırda istintaqın detalları açıqlanmır. Həmçinin qeyd olunan materialların hazırlanması və yayılmasında iştirak edən şəxs və ya şəxslərin kimliyinin müəyyən edilib-edilmədiyi barədə məlumat verilməyib. Məlumata görə, zərərçəkənlər faktla bağlı polisə müraciət ediblər. İddialara əsasən, naməlum şəxs materialların silinməsi müqabilində pul tələb edib.

Lakin tələbə qızlar videoların silinməsi üçün pul təklif etdikdə, qarşı tərəf bunu maddi məqsədlə etmədiyini bildirib. Ehtimallara görə, həmin şəxs daha əvvəl hüquq fakültəsinə qəbul olmaq istəyib, lakin keçid balını toplaya bilməyib və bu səbəbdən gələcək hüquqşünaslara qarşı qərəzli mövqe sərgiləyib.

Sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, bu hal təkcə bir faktdan ibarət olmaya bilər. Mövzu ilə bağlı paylaşımların şərh bölməsində bir çox şəxs daha əvvəl də onların fotolarının icazəsiz istifadə edildiyini, saxta hesablar açıldığını və təhqiramiz və ya kompromat xarakterli materialların yayıldığını qeyd edib.

Bəzi istifadəçilər oxşar halların son aylarda müxtəlif ali məktəblərin tələbələrini və sosial şəbəkə hesabları açıq olan gəncləri də əhatə etdiyini bildiriblər.

Onların fikrincə, bu cür hadisələr internetdə şəxsi görüntülərdən qanunsuz istifadə və rəqəmsal təqiblə mübarizə mexanizmləri barədə maarifləndirmənin yetərsiz olduğunu göstərir.

Səsləndirilən iddiaların ciddiliyi və ictimai rezonans nəzərə alınaraq, məsələnin hərtərəfli və şəffaf araşdırılması, həmçinin təhqiramiz materialların hazırlanması və yayılmasında iştirak edən şəxslərin müəyyən edilməsi zəruridir.

Tələbələrin görüntülərindən onların razılığı olmadan istifadə şəxsi həyata müdaxilə hesab olunur və zərərçəkənlərə ciddi mənəvi və reputasiya zərəri vura bilər. Bu hallar təsdiqlənərsə, müvafiq hüquqi qiymət verilməlidir.

Zərərçəkən tələbələrin müdafiəsi təmin edilməli, gələcəkdə oxşar halların qarşısının alınması üçün tədbirlər görülməlidir. Araşdırmanın nəticələrinin ictimaiyyətə açıqlanacağı və təqsirkar şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacağı gözlənilir.

Chosen
19
1
far.az

2Sources