EN

Xocalı dəhşətlərini dünyaya car çəkənlər: Bəşəriyyəti sarsıdan faktlar

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə. Qarabağın soyuğunda bir şəhər qana boyandı. Xocalıda insanlığa qarşı törədilən cinayətlər o həddə idi ki, "bunları da edən insan olub" düşüncəsinə inanmaq az qala mümkünsüz idi. Elə bu səbəbdən də dünyaya çatmasın deyə dinc insanlardan sonra həqiqət hədəfə alındı. Çünki müharibələrdə ən böyük cinayət bəzən təkcə güllə ilə deyil, informasiyanın kəsilməsi ilə də törədilir.

Baku TV-nin məlumatına görə, o günlərdə Xocalı barədə danışmaq asan deyildi. Bölgə aylardı ki, mühasirədə, rabitə zəif, xətlər kəsilmiş, təhlükə real idi.Xocalıda qar üzərində aydın görünən qanlı cinayətləri gözyaşı ilə kameranın yaddaşına köçürənlər bu dəhşətləri dünya mediasının manşetinə çıxarmaq üçün həyatlarını heçə saydılar. Azərbaycan jurnalistikasında bu mərhələnin simvoluna çevrilən adlardan biri Çingiz Mustafayev oldu.

Onun çəkilişləri Xocalı haqqında mübahisə edənlərin qarşısına bir müzakirə mövzusu yox, görünən faktlar qoydu. Çünki görüntü tərəf tutmur. Görüntü, sadəcə, göstərir və dünya çox vaxt gec inanır. Lakin bu dəfə həqiqət bütün ağrısı ilə hayqırırdı. Xocalının dünyaya tanıdılmasının birinci pərdəsi yerli medianın blokadanı yarması ilə reallaşdı.

Azərbaycan Ordusunun ilk hərbi operatoru Seyidağa Mövsümlü Milli Qəhrəman Allahverdi Bağırovun Əsgərandakı erməni silahlı birləşmələrinin komandanı Vitali Balasanyana basqısı nəticəsində ermənilərin maşını ilə bölgəyə gedərək faciəni lentə alır.

İkinci pərdədə xarici jurnalistlər bölgəyə üz tuturlar. O dövrün reportyorları hadisə yerinə birbaşa daxil ola bilməyəndə Xocalıda yaşananları Ağdam xətti üzərindən müşahidə edirdilər.

Sağ qalanların hekayələri, gətirilən yaralılar, gördükləri mənzərə, danışılan işgəncələr. Dünya ictimaiyyətinin manşetinə çıxan ilk ağır cümlələr elə bu nöqtədən qurulur.

Jurnalist Stefan Bentura yazırdı: "Ermənilərin Qarabağa hücumundan xilas olarkən qırğına məruz qalan azərbaycanlıların təhqir edilmiş cəsədləri soyuqdan qurumuş, hücumdan təxminən bir həftə sonra qarla örtülmüş yamaclara yapışmışdı. Ağdamdan helikopterlə əraziyə gələn jurnalistlər 31 cəsəd saydılar, onların bir çoxuna yaxın məsafədən baş nahiyəsinə atəş açılıb, bəzilərinin isə başının dərisi soyulub. Ölmüş kişi, qadın və uşaqların bəzilərinin barmaqları qoparılıb. Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu zamanı 1 000-dən çox insanın ölməsi ilə bağlı ittihamlar fonunda jurnalistlər Əsgəran tərəfdə yerləşən təpələrdə meyitlər gördülər. Gözləri yarımacıq şəkildə qalan və ölmüş uşağını sinəsinə sıxan bir qadının cəsədi jurnalistləri müşayiət edən Azərbaycan hərbçilərinin gözyaşlarına səbəb oldu".

Amerikalı jurnalist Tomas Qoltzun "Washington Post" qəzetində 27 fevral 1992 tarixli reportajında Ağdamdan verilən təsvirlər və rəqəmlər yer alıb. Cümə məscidində qeydiyyata alınan ölü sayı kimi detallar da həmin yazılarda öz əksini tapıb.

Eyni dövrdə "New York Times", "The Times", "Boston Globe", "Washington Times" kimi nəşrlərdə də Xocalı barədə xəbərlər çıxır, həm hadisənin miqyası, həm də tərəflərin iddiaları ilə birlikdə. Yəni dünya auditoriyası Xocalını ardıcıl xəbərlər kimi tanımağa başlayır. Əlavə olaraq, 2000-ci illərdən etibarən Xocalının beynəlxalq aləmdə tanıdılması imzatoplama, ictimai diplomatiya, beynəlxalq tədbirlər və diaspor şəbəkələri üzərindən daha sistemli kampaniya modelinə keçir. Bu mərhələdə ilk kadrların yaratdığı şok dalğası davam edən yaddaş siyasətinə çevrilir. Bir sözlə, Xocalının dünyaya tanıdılması bir günün işi olmadı. Çəkilən kadrlar informasiyanın kilidini açdı, xarici media mövzunu gündəmə gətirdi, insan haqları hesabatları isə illərlə istifadə olunan dəlil bazasını formalaşdırdı. İnformasiya cəbhəsinin yaşatdığı həqiqət dünyanın yaddaşını da diri tutdu. Yaddaş yaşadıqca isə Xocalı unudulmadı və unudulmayan faciə bir gün mütləq ədalət tələb edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
3
baku.ws

4Sources